“İnsanlarda qorxunun olması müsbət haldır”-Psixoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:49 21.01.2025
Hər bir canlı təhlükəli hesab etdiyi hər şeydən qaçır. İnsan beyni isə bu qaçışı qorxu olaraq qəbul edir. Bu qorxu bir çox insanda müşahidə olunur.
Mövzu ilə bağlı psixoloq Fatimə Hacıyeva “İnformator.az”a açıqlamasında bildirib ki, məsələ insanların gündəlik həyatlarında şübhə etdikləri, narahat olduqları və qorxduqları vəziyyətlərdir:
“Bu vəziyyətlər insanların psixologiyasına və sosial həyatına mənfi təsir göstərir. Fobiya adlanan qorxu və narahatlıq halları insanın təhlükəli olaraq qəbul etdiyi hadisələrdən emosional təsirlənməsinə səbəb olur. Qorxu, insanın təhlükəli hiss etdiyi situasiya ilə qarşılaşdığı anda yaranır. Dərhal insanın qoruma mexanizması işə düşür və beyinə təhlükə barədə siqnal ötürülür. Bununla bağlı insanlar özlərini qorumağa başlayır, problemlərdən çıxış yolu tapmağa və problemi həll etməyə çalışırlar. İnsanlarda qorxunun olması müsbət haldır. Lakin həddindən artıq qorxu fobiya yaradır. Fobiya insanın öz qorxularından qaçmasıdır. Bu xəstəlik deyil. Müalicə prosesi daha çox psixoterapevt və ya psixoloqun müşahidəsi altında aparılır. Lazım gələrsə, dərman preparatlarından da istifadə olunur”.
Psixoloq əlavə edib ki, fobiya zamanı müalicə olunma istəyi nadir hallarda olur:
“Çünki insanlar qorxuları ilə üzləşməkdən çəkinirlər. Fobiya və qorxunun fərqindən danışan psixoloq bildirib. Qorxu zamanı insanlarda panik-atak, ürək döyüntüsü, nəfəs daralması, nitq pozulması, narahatlıq hissi və ağız quruluğu müşahidə edilir. Bu hallar şiddətli dərəcəyə çatdıqda artıq fobiya yaranır. Fobiyanın müxtəlif növləri mövcuddur. Hazırda ən geniş yayılmış fobiya klaustrofobiyadır. Bu, insanların qapalı məkanlarda olmaqdan qorxmasıdır və belə hallarda nəfəs daralması müşahidə olunur. Fobiyanın digər növü halitofobiyadır. Bu, obsesif-kompulsif pozğunluğu olan insanlarda tez-tez rast gəlinir və pis nəfəs qoxusundan qorxu kimi təyin olunur. Gynofobiya isə uşaqlıqda ana, bacı və ya müəllim qadın haqqında pis xatirələri olan şəxslərdə yaranır. Bu insanlar qadınların müəyyən davranışlarından və ya pis vərdişlərindən təsirlənərək qorxu hissi keçirirlər. Nomofobiya isə telefondan asılılıqdır. Bu fobiyaya malik insanlar telefonu kənara qoymaq istəmirlər və ondan ayrılmaqda çətinlik çəkirlər. Tafefobiya, qəbir qorxusu və diri-diri basdırılmaq qorxusudur. Bu insanlar özlərini ölü sanır və basdırılmaqdan qorxurlar. Bütün fobiyaların yaranmasının əsas səbəbi insanların qorxularını basdırmasıdır. Basdırılan qorxular bir gün böyük bir panikaya çevrilir”, – deyə psixoloq fikirlərini tamamlayıb.
Kəmalə Vəliyeva