Yeniyetmələrdə sevgi anlayışı: "Seriallar reallığı əks etdirmir"
Bölmə: Sosial › ,Tarix: 18:20 22.01.2025
Sevgi və onun bütün çalarları yeniyetməlik dövründə hər bir insanın yaşadığı incə və mürəkkəb hisslərdir. Bu dövrdə gənclər tez-tez sevgi ilə bağlı qarışıq duyğular yaşayır və bu hissləri serial və filmlərlə əlaqələndirirlər.
Bu barədə ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az" saytına açıqlamasında bildirib ki, serial və filmlərin təsirinə düşmək yeniyetmələr üçün cazibədar olsa da, onları reallıqdan uzaqlaşdırır:
"Yeniyetmələrə dəstək olmaq üçün valideynlər və ya onların sözünə dəyər verdikləri digər şəxslər mühüm rol oynaya bilər. Onlara izah edilməlidir ki, serial və filmlərdə təqdim edilən sevgi hekayələri həqiqi həyatdan çox fərqlənir.
Serialların ssenariləri tamaşaçı marağını artırmaq üçün şişirdilir və fantastik elementlərdən istifadə olunur. Bu süjetlər əsasən iki və ya üç xarakterin üzərində qurulur və tamaşaçıların diqqətini cəlb etmək məqsədini güdür. Lakin həqiqi sevgi hekayələri heç vaxt bu qədər sadə və ya fantastik olmur".
Psixoloq vurğulayırlar ki, həyatın reallığı daha mürəkkəb və çoxşaxəlidir:
"Yeniyetmələrə sevgi və münasibətlər barədə düzgün anlayış qazandırmaq üçün onlara seriallara reallıq prizmasından baxmağın vacibliyi izah olunmalıdır. Beləliklə, yeniyetmələr daha sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura bilərlər.
Unutmaq olmaz ki, həyatda həqiqi sevgi, hər iki tərəfin bir-birinə dəyər verdiyi və birgə yaşamaq üçün eyni məqsədləri paylaşdığı bir münasibətdir. Seriallar isə yalnız iki və ya üç xarakterin ətrafında fantastik hekayələr qurur və əksər hallarda real həyatdan uzaqdır. Yeniyetmələrə bu reallıqlar vaxtında başa salındıqda, onların reallığı daha yaxşı anlaması və sağlam münasibətlər qurması mümkün olur".
Çinarə Tarverdiyeva