Son zamanlar soyadlarını dəyişdirənlərin sayı artıb

Bölmə: Sosial › ,
Tarix: 16:00 23.01.2025

Ölkəmizdə son zamanlar soyadların seçilməsində yeni yanaşmalar yaranıb. Bəzi insanlar ata adını soyad kimi istifadə edir, bəziləri isə sonluq şəkilçisini dəyişir.

 

Bəs insanların soyadlarını dəyişdirmək istəklərinin əsas səbəbləri nələrdir?

 

Məsələ ilə bağlı "informator.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, əgər bu dəyişiklik yaxşı mənada milliliyə xidmət edirsə, niyə də olmasın?

 

"Soyadların dəyişdirilməsi ilə bağlı müzakirələr uzun müddətdir ki, gündəmdədir. Hətta Milli Məclisdə də bu mövzu müzakirə edilib. Hazırda yeni nəsil uşaqların şəxsiyyət vəsiqəsinə "-ov", "-yev" soyadları yazılmır. Düşünürəm ki, bu addım milliliyə və milli soy-kökə bağlılığa xidmət edir. Gənclərin bu məsələyə maraq göstərməsi onların milli ruhda yetişməsinin göstəricisidir".

 

Psixoloq gənclərin ənənəvi soyadlardan imtina edərək özlərinə yeni soyadlar yaratmaq istəməsindən də söz açıb:

 

"Bəzən baba və ya gəncin özü öz adını soyad kimi övladına vermək niyyətində olur. Bunun üçün isə xüsusi icazələr tələb olunur. Əgər soyadın kökü ərəb-fars mənşəlidirsə və ailə onu dəyişdirərək babanın türk kimliyindən qaynaqlanan adı ilə yeni soyad yaratmaq istəyirsə, düşünürəm ki, burada heç bir qəbahət yoxdur. Əksinə, bu addım milliliyə xidmət etdiyi üçün müsbət qarşılanmalıdır".

 

Mehriban Nəsibova