Gənclərin evlilik məsələsindəki gecikməsinin səbəbləri və həll yolları
Bölmə: Sosial › ,Tarix: 22:36 28.01.2025
Son dövrlərdə gənclər evlilik mövzusunda çox düşünür və qərar verməkdə çətinlik çəkirlər. Cəmiyyətimizdə, xüsusilə gənclər arasında ailə qurmaq məsələsi getdikcə gecikir.
Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova "informator.az" saytına açıqlamasında bildirib ki, bunun bir çox mənəvi və sosial səbəbləri mövcuddur:
"Mənəvi tərəflərə nəzər salsaq, oğlanlar ideal bir həyat yoldaşı tapmaq istəyir və bu mövzuda çətinlik çəkirlər. Sosial şəbəkələrin təsiri altında gənclər daha çox gözəllik və xarici görünüşə önəm verirlər. Əksər qızlar sosial şəbəkələrdə şəkil çəkdirib, gözəllik yaradan effektlərlə paylaşır, bu da oğlanların onlara olan inamını azaldır. Oğlanlar düşünürlər ki, belə bir qızla ailə qurmaq gələcəkdə necə olacaq. Bu bir növ oğlanların müsbət tərəfi kimi də qiymətləndirilə bilər, çünki onlar yalnız xarici görünüşə deyil, həm də şəxsi keyfiyyətlərə və münasibətlərin sağlam olmasına diqqət yetirməyə çalışırlar.
Sosial tərəflərə gəldikdə isə, bu gün gənclərin ailə qurması üçün ən böyük çətinliklərdən biri iş və mənzil məsələsidir. Gənclərimiz işlə təmin olma məsələsində çox çətinlik çəkirlər. Dövlət qulluğuna imtahan verən gənclər, yüksək ballar toplasalar da, lazımi iş yerlərində işlə təmin olunmaqda çətinlik yaşayırlar. Bunun nəticəsində gənclərin evlənmək üçün maddi imkanları olmur. Keçmişdə isə valideynlər, övladları işsiz olsa belə, ailə qurmağa təşviq edir və yanlarında saxlayırdılar. Bu gün isə gənclərimiz valideynləri ilə birgə yaşamaq istəmirlər və yalnız karyera qurmağa önəm verirlər.
Lakin evlənməyin də öz vaxtı var. Cəmiyyətimizdə həm təcrübəli gənclərə ehtiyac var, həm də ailələrə. Gələcək nəsillər bizim genefondumuzu təşkil edir, buna görə də valideynlər övladlarının vaxtında ailə qurmasına maraqlı olmalıdırlar. İş gənclərə qalsa, onlar yalnız karyera qurmağa yönələcəklər və evlilik məsələsi geri planda qalacaq. Bu baxımdan, gənclərin evlənməyə hazırlığı və işlə təminatı məsələsində maarifləndirmə işləri aparılmalı, gənclərə düzgün istiqamətlər verilməlidir. Gənclərin işlə təminatı üçün nəzarət mexanizmi hazırlanmalı və həyata keçirilməlidir. Eyni zamanda, sosial şəbəkələrin təsiri də nəzərə alınmalı, sosial şəbəkələrə nəzarət mexanizmi tətbiq edilməlidir. Gənclərimiz real həyatdan uzaqlaşaraq sosial şəbəkələrdə zaman keçirirlər, bu da onların həyatın real məqamlarına addım atmasını çətinləşdirir. Nəticə etibarilə, cəmiyyət olaraq həm gənclərin sosial təminatını, həm də ailə qurma məsələsini diqqətə almalı və bu sahələrdə uyğun tədbirlər görməliyik".
Digər müsahibimiz psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, gec evlənməyin, xüsusən də bəylər arasında daha çox üstünlük təşkil etməsinin səbəbləri müxtəlifdir:
" Bəylər çox vaxt evliliyi məsuliyyətlə bağlı bir addım kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, evliliyə gedən yol, özlərini hər cəhətdən hazırlamağı tələb edir. Yəni əvvəlcə maliyyə vəziyyətlərini, şəxsi həyatlarını və gələcək planlarını tənzimləyib sonra həyat yoldaşı seçməlidirlər. Bu məsuliyyəti daşımaq bəylər üçün çətin olduğundan, çoxu ailə qurmaq əvəzinə daha gec evlənməyi seçir. Bu vəziyyətin yaranmasında ən böyük səbəblərdən biri, bəylərin qarşılarına çıxan evlilik təklifləri və gözləntilərdir. Bir çox halda, qızlar bəylərdən yalnız sevgi deyil, həm də konkret maddi şərtlər tələb edirlər – evin olsun, maşının olsun, işin olsun və s. Bu tələblər bəylərdə müəyyən narahatlıq yaradır. Evliliyi çox gec qurmaq isə müxtəlif problemlərə gətirib çıxara bilər. Yaş artdıqca, şəxsi həyatın qurulmasına qarşı olan tərəddüdlər də artır və bir çox hallarda insanlar 35-40 yaşlarına gəlsələr də, evlilik haqqında düşünməyə çətinlik çəkirlər. Bu zaman, yaşlı kəslərin ailə qurmağa başlayacağını və ya boşanmış şəxslərlə evlənəcəyini görə bilərik. Beləliklə, evlənmək üçün ən ideal yaş 24-25 yaş arasıdır, çünki bu yaşda insanlar həyatın vacib suallarına cavab tapmış və evliliyə hazırlıqlı olurlar. Bu yaşlarda edilən evliliklər daha sağlam və davamlı ola bilir".
Çinarə Tarverdiyeva