Həyatımızı Yönləndirən Gücün Tarixi və Bugünkü Rolu

Bölmə: Sosial › ,
Tarix: 21:26 29.01.2025

Kouçluq, insanların şəxsi və peşəkar həyatlarında məqsədlərinə çatmalarına kömək edən bir yanaşmadır.

 

Mövzu ilə bağlı şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç və beynəlxalq dərəcəli təlimçi İlahə Adil "informator.az"a açıqlamasında bildirib ki, kouçluq, dünya miqyasında ən prestijli universitetlərdə tədris olunan bir sahədir:

 

"Harvard, Cambridge, Stanford kimi nüfuzlu təhsil müəssisələrində kouçluq üzrə magistr və fəlsəfə doktoru (PhD) proqramları mövcuddur. Bu sahə həm nəzəri, həm də praktiki bilikləri əhatə edərək gələcəyin liderlərini və kouçlarını yetişdirir. Kouçluq, insanların gələcək məqsədlərinə yönəlir. Psixologiyadan əsas fərqi ondan ibarətdir ki, psixoloqlar keçmişə fokuslanarkən, kouçlar insanlara gələcəyi qurmağa kömək edir. Bu sahə, xüsusən də şəxsi inkişaf və özünütəkmilləşdirmə sahəsində böyük əhəmiyyət kəsb edir".

 

İlahə Adil, kouçların insanlara öz potensiallarını kəşf etmək, məqsəd qoymaq, planlamaq və həyatda daha uğurlu addımlar atmaq mövzusunda dəstək olduqlarını da vurğulayıb:

 

"Kouçlar, fərdlərə daha məqsədyönlü olmaq, həyatda balansı tapmaq və uğur üçün hərəkətə keçmək mövzusunda rəhbərlik edirlər. Müasir iş dünyasında kouçlar, insanlara uğurlu karyera qurmaq, dəyişən iş şəraitinə uyğunlaşmaq və liderlik bacarıqlarını inkişaf etdirməkdə kömək edirlər".

 

Azərbaycanda kouçluğun inkişafı:

 

"Azərbaycanda kouçluq fəaliyyəti 2000-ci illərin əvvəllərində daha çox populyarlaşmağa başlayıb. İlk başlarda beynəlxalq səviyyədə tanınan kouçlar ölkəyə dəvət edilirdi, amma zamanla yerli kouçlar da bu sahəyə daxil olmağa başlayıb. Kouçluq, Azərbaycanda çox mühüm bir sahəyə çevrilib və gələcəkdə daha çox insan və təşkilat bu xidmətlərdən faydalanacaq".


Aydan Quliyeva