Zamanın idarə olunması və müasir həyatın tələbləri
Bölmə: Sosial › ,Tarix: 21:38 29.01.2025
Zamanın idarə olunması və müasir həyatın tələbləri mövzusu olduqca geniş və maraqlı bir mövzudur.
Mövzu ilə bağlı psixoloq, pedaqoq Nuray və Fidan2 bağçasının direktoru Zeynəb Əyyubova "informator.az"a açıqlamasında bildirib ki, zamanın idarə edilməsi ilə bağlı insanlar ən çox aşağıdakı çətinliklərlə qarşılaşırlar:
"İnsanlar tez-tez hansı işin daha vacib olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. Nəticədə, az əhəmiyyətli işlərə çox vaxt ayırıb, vacib işləri təxirə salırlar. Sosial şəbəkələr, lazımsız telefon zəngləri və digər diqqət yayındıran amillər insanın məhsuldarlığını aşağı sala bilər. Gündəlik və uzunmüddətli planların olmaması insanın işləri nizamsız şəkildə görməsinə səbəb olur. İşləri daim sonraya saxlamaq, tənbəllik və motivasiya çatışmazlığı vaxt itkisinə gətirib çıxarır. İnsanlar bəzən bir işi ideal etmək üçün həddindən artıq vaxt sərf edirlər və nəticədə digər vacib işlərə vaxt qalmır. İşlərə həddindən artıq fokuslanmaq ailə və şəxsi həyat üçün vaxtın az qalmasına səbəb ola bilər".
Həmçinin, psixoloq bildirib ki, müasir dünyada zamanın effektiv idarə olunması üçün aşağıdakı strategiyalar tətbiq oluna bilər:
" "Eisenhower matrisi" kimi metodlarla vacib və təcili işlər müəyyən olunmalı, az əhəmiyyətli işlər arxa plana atılmalıdır. İşlər planlı şəkildə edildikdə vaxt daha səmərəli istifadə olunur. Bunun üçün "To-do list" və ya rəqəmsal planlaşdırma tətbiqləri istifadə edilə bilər. Diqqət yayındıran faktorları minimuma endirmək – Sosial media istifadəsini Facebook, TikTok, Instagram kimi yerləri məhdudlaşdırmaq, telefon bildirişlərini söndürmək və konkret zaman çərçivələrində fasiləsiz işləmək məhsuldarlığı artırır.
"Pomodoro" texnikasından istifadə etmək – 25 dəqiqə fasiləsiz işləyib, 5 dəqiqə istirahət etmək diqqət və enerji səviyyəsini yüksək saxlayır.
"Yox deməyi" öyrənmək – Hər şeyi üzərinə götürmək zaman itkisinə və həddindən artıq yüklənməyə səbəb ola bilər. Lazımsız işlərdən imtina etmək vacibdir.
İş və şəxsi həyat balansını qorumaq – Davamlı iş insanın enerjisini azaldır, bu səbəbdən istirahət və hobbilərə vaxt ayırmaq uzunmüddətli məhsuldarlığı artırır".
Müsahibimiz vildirib ki, zamanın effektiv idarə olunmasına mane olan əsas psixoloji faktorlar bunlardır:
"İnsanlar bəzən işə başlamaqdan qorxur və ya özlərini motivasiya edə bilmirlər. Bunun qarşısını almaq üçün kiçik addımlarla başlamaq və özünü kiçik mükafatlarla motivasiya etmək tövsiyə olunur. İnsanlar işi ən ideal formada görmək istədikləri üçün həddindən artıq vaxt sərf edirlər. Anlamaq lazımdır ki, "yetərincə yaxşı" çox vaxt "mükəmməl"dən daha effektivdir. İşin mənasını və məqsədini anlamaq, özünü kiçik hədəflərlə motivasiya etmək məhsuldarlığı artırır.
"Bu işi bacarmayacam" kimi düşüncələr insanın vaxt itirməsinə səbəb olur. Özünə güvəni artırmaq üçün uğurlar qeyd olunmalı və kiçik addımlarla irəliləmək lazımdır. Həddindən artıq gərginlik insanın qərar vermə və diqqət toplama bacarığını zəiflədir. Meditasiya, idman və düzgün istirahət bu problemin qarşısını almağa kömək edir".
Sonda isə psixoloq açıqlayıb ki, müasir dövrdə insanların gün ərzində çoxlu məsuliyyətlər daşıması və zamanın sürətlə keçməsi müxtəlif psixoloji təsirlərə yol aça bilər:
"Daimi iş yükü insanın psixi və fiziki sağlamlığını zəiflədə bilər. Enerji tükənməsi, motivasiya azalması və emosional yorğunluq bu problemin əsas əlamətləridir. Beyinin daima bir işdən digərinə keçməsi fokuslanmanı çətinləşdirir, nəticədə məhsuldarlıq azalır.
"Yetərincə vaxtım yoxdur" hissi insanın davamlı narahatlıq içində olmasına səbəb ola bilər.
İnsanlar iş və digər öhdəliklər səbəbindən ailə və dostları ilə daha az vaxt keçirirlər ki, bu da emosional dəstəyin azalmasına gətirib çıxarır. Stress və daimi məşğuliyyət yuxu rejiminin pozulmasına və yuxusuzluğa səbəb ola bilər ki, bu da ümumi psixi sağlamlığa mənfi təsir göstərir. Daimi tələskənlik və məsuliyyətlərə fokuslanmaq insanın anı yaşamasına və həyatın gözəlliklərini görməsinə mane ola bilər. Bu problemlərin qarşısını almaq üçün vaxtı düzgün idarə etmək, özünə qayğı göstərmək, fasilələr vermək və şəxsi həyata önəm vermək vacibdir. Həmçinin, psixoloji rahatlıq üçün meditasiya və fiziki fəaliyyətlər tövsiyə olunur. Bu mövzularda fərdi çətinliklərlə üzləşən insanlar üçün psixoloji dəstək də faydalı ola bilər və psixoloqlara müraciət edə bilərlər".
Nigar Həsənzadə