“Biz texnologiyadan yararlanmağı bacarmırıq”-Sosioloq

Bölmə: Sosial › ,
Tarix: 21:20 29.01.2025

Texnologiya gündən-günə inkişaf edir. Bu da həyat fəaliyyətimizdəki bir çox çətinlikləri asanlaşdırmağa xidmət edir. Ancaq bəzi hallarda texnologiyanın inkişafı çətinlikləri asanlaşdırmaqla yanaşı, mənəvi dəyərlərimizi ya məhdudlaşdırır, ya da biryolluq məhv edir. Sizcə, problem texnologiyanın özündədir, yoxsa texnologiyadan istifadə tərbiyəmizin olmamasındadır?

 

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Mətanət Məmmədovanın sözlərinə görə biz texnologiya əsrinə hazır olmadan daxil olduq deyərək əlavə edib:

 

“Bizi əhatə edən bir dünya var, dünya isə zamana bağlıdır. Zaman ötdükcə həyat müasirləşir, dəyişir. Həyatın dəyişməsi ilə bərabər insanlar da dəyişir. Zaman keçdikcə texnologiyalar həyatımıza daxil oldu və bu daxil olma Sovet dövrünün 70 illik əsarətindən sonra baş verdi. Biz bu texnologiyaları daha acgözlüklə qəbul etdik.Texnologiyanın həyatımıza daxil olması məhz müstəqillik illərinə təsadüf etdi. Sanki bu dövrdə biz özümüzü necə aparacağımızı, texnologiyalardan necə istifadə edəcəyimizi dərk etmədik. Hazır olmadığımız bir vaxtda bu yeniliklərin həyatımıza daxil olması bizi texnologiyaya qurban verməyə qədər gətirib çıxardı. Həyatımızı və təbii mühitimizi texnologiyadan asılı vəziyyətə saldıq və bunun inkişaf etməsi üçün uşaqlarımıza da imkanlar yaratdıq.

 

Həyatımıza kabel televiziyaları, çanaq antenlər daxil oldu və biz bu texnologiyalar vasitəsilə dünyanın hər yerindən olan seriallara, filmlərə baxmaq imkanı qazandıq. Bununla da biz bir növ televiziyaya və orada göstərilənlərə aludə olduq. Övladlarımızın asudə vaxt keçirməsinin üstündən xətt çəkdik və onları da bunun aludəçisinə çevirdik. Bu aludəlik o qədər geniş yayıldı ki, körpə uşaqlara belə telefon aldıq. Amma əsas məsələyə - uşaqların bu telefonda nəyə baxdığına, nələri izlədiyinə, nə ilə maarifləndiyinə diqqət etmədik”.

 

Ekspert valideyn nəzarətinin, ata-babaların mühafizəkar ruhunun bu mövzuda əhəmiyyətini vurğulayıb:

 

“Sonrakı dövrlərdə həyatımıza sosial şəbəkələrin girməsi, texnologiyanın daha da inkişaf etməsi və hər kəs üçün əlçatan olması bizi elə bir vəziyyətə gətirib çıxardı ki, artıq bu gün sosial şəbəkələrdə gülünc vəziyyətə düşmüşük. Özümüz özümüzü tənqid edirik. Məsələn, texnologiyanın qurbanı olan bizlər haqqında danışanda həmişə ağlım bir neçə il əvvələ - Sovet dövrünə gedir. O dövrdə kütləvi şəkildə kinoteatrlarda hind filmlərinə baxırdıq. Təbii ki, hind filmlərindəki həyat bizim həyatımızla eyni deyildi. Fərqli cəmiyyətlər, fərqli geyim tərzləri vardı. İndiki dövrə nəzər salsaq, valideyn nəzarəti artıq sıradan çıxıb. Uşaqlar bir yana, böyüklər belə telefondan ayrıla bilmirlər. Bunun ən bariz sübutu ailələrə qonaq gedəndə hər kəsin əlində telefon olması, söhbət belə edilməməsidir. Ailə üzvləri arasında dialoq və real münasibət yoxdur”.

 

Bəs xalqımızın və gənclərimizin gələcəyi üçün nə etməliyik ?

 

“Elə bir ciddi nəzarət mexanizmi hazırlanmalıdır ki, texnologiyadan şüursuz şəkildə istifadə edən cəmiyyəti nizama salsın. Məsələn, uşaqlar və yeniyetmələr telefondan yalnız müəyyən yaş dövründən sonra istifadə etməlidirlər. Bu, ciddi şəkildə dövlət səviyyəsində qanunla tənzimlənməlidir. Əks halda, milli-mənəvi dəyərlər üzərində qurulmuş xalqımızın gələcəyini qorumaq çətin olacaq.


Təbii ki, bu, bütün xalqımıza aid edilə bilməz. Söhbət bəzi TikTok, İnstagram kimi sosial şəbəkələrin köləsinə çevrilmiş təbəqələrdən gedir. Onların qarşısını almaq üçün dövlət mexanizmi qurulmalıdır. Məsələn, Avstraliyada 12 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulub. ABŞ-da TikTok qadağan edilib. Türkiyədə isə gözəllik effektlərinin istifadəsi məhdudlaşdırılıb. Bizdə də cəmiyyətimizin gələcəyi üçün müəyyən qadağalar tətbiq olunmalıdır. Əslində texnologiya və internet çox gözəl, əlverişli vasitələrdir. Amma biz onlardan düzgün istifadə etməyi öyrənməli və bu istiqamətdə bir sistem qurmalıyıq”.

Mahmud Əskərli