Pozitiv düşüncənin insan psixologiyasına təsiri

Bölmə: Sosial › ,
Tarix: 23:01 28.01.2025

Pozitiv düşüncə insanın həyatına müsbət təsir edərək, stresin azalmasına və ümumi psixoloji rifahın artmasına kömək edir. Bu yanaşma, zehni sağlamlığı gücləndirir və insanın qarşılaşdığı çətinliklərə daha açıq və həll yönümlü yanaşmasını təmin edir.

 

Məsələ ilə bağlı Ahəng PRİM rəhbəri, Ahəng İB sədri, psixoloq Vüsalə Əmiraslanova "informator.az"a açıqlamasında bildirib ki, pozitiv düşüncə insanın düşüncələrinin hər zaman müsbət yöndə olmasıdır, yəni hər bir şərdə bir xeyir axtarmaq qabiliyyətidir:

 

"Psixologiyada pozitiv psixoterapiya deyilən bir sahə var. Yəni insanların daha gözəl düşünmələri üçün, gözəl düşünərək həyatlarına daha gözəl hadisələri cəlb etmə bacarığıdır. Pozitiv düşünmə ilə bağlı çox təlimlər verilir, çox insanlar bunun üzərində işləyir. Daha çox son illər insanlar pozitiv psixoterapiya ilə məşğul olurlar. Həmçinin bu, alt mənanı mənfiyə yox, müsbətə çevirmə bacarığıdır".

 

Həmçinin psixoloq bildirib ki, pozitiv düşünmə təcrübəsini insanların təcrübələrinə əsaslanaraq olur: 

 

" İnsanların müsbət təcrübələrinə baxaraq, məsələn, "Mən pozitiv düşünərək nələr qazandım? Pozitiv düşünməyəndə, neqativ düşündüyümdə günüm necə keçir? Həyatımda hansı dəyişikliklər baş verir?" kimi sualları öz-özümüzə verərək, digər insanların da təcrübələrini əlavə edərək, özümüz üzərində də sınayaraq edə bilərik. Məsələn, "Yaxşı düşün ki, yaxşı olsun. Gözəl düşün ki, gözəl hərəkət edəsən" deyə bunu təcrübədən keçirdərək həyatımıza tətbiq edə bilərik".

 

 

Sonda isə psixoloq pozitiv düşüncə və realistik düşüncə arasındakı balansdan danışıb:

 

"Əslində real düşünən insanlarda bir az pozitiv düşünmək çətin olur. Yəni real düşünən insanlar məntiqlə analiz edirlər və məntiq analizin nəticəsi olaraq reallıq nədirsə, ona da köklənirlər. Amma əlbəttə ki, pozitiv düşünən insanların içində də real düşünən insanlar var. Və bəzən həqiqətən də biz pozitiv düşünərək reallığımızı da dəyişdirə bilirik. Bu bizim öz əlimizdədir".

 

Nigar Həsənzadə