İxtisaslı Azərbaycan kadrlarının xaricə üz tutma səbəbləri və nəticələri-Beyin axını

Bölmə: Sosial › ,
Tarix: 23:18 28.01.2025

Bu mövzu Azərbaycanda beyin axını, əmək bazarının vəziyyəti və ali təhsilin əmək bazarına uyğunluğu kimi məsələləri əhatə edir. Məsələnin əsasını ölkədə ixtisaslı kadrlara olan tələbatın azlığı və bunun nəticəsində baş verən beyin axını təşkil edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, əmək bazarının ali təhsil müəssisələrinin buraxılış səviyyəsi ilə uyğunlaşmaması ciddi problemlərə yol açır:

 

“Azərbaycanda hər il on minlərlə gənc ali təhsil müəssisələrindən məzun olur, lakin ölkənin əmək bazarında bu qədər mütəxəssisə tələbat yoxdur. Yerli müəssisələrin və şirkətlərin sayı məhduddur, mövcud olan yerlər isə artıq dolub. Bu səbəbdən məzunların iki yolu qalır: ya xaricə üz tutmaq, ya da ixtisaslarına uyğun olmayan sahələrdə işləmək. Bu da nəticədə diplomların əhəmiyyətini azaldır və insanların öz sahələrindən uzaqlaşmasına səbəb olur.

 

Ölkədə təhsil sistemi əmək bazarının tələblərinə uyğun şəkildə yenidən qurulmalıdır. Dövlət sifarişli yerlər mövcud ehtiyacları qarşılamalıdır. Əgər müəyyən ixtisasa tələbat yoxdursa, həmin sahədə kütləvi şəkildə təhsil almaq faydasızdır. Bunun əvəzinə, peşə təhsili məktəbləri inkişaf etdirilməli, müasir peşələrə yönəlik təlimlər təşkil edilməlidir. Bir çox Avropa ölkəsində əmək bazarının yalnız kiçik bir hissəsi ali təhsilli mütəxəssislərə tələbat göstərir. Digər sahələrdə orta ixtisas və peşə təhsili alan insanlar daha uğurlu nəticələr əldə edirlər”.

 

Elçin Bayramlı həmçinin beyin axınının səbəblərindən birinin də maaşların aşağı olması ilə bağlı olduğunu qeyd edib:

 

“Maaşların azlığı beyin axınının əsas səbəblərindən biridir. Hətta ixtisaslarına uyğun iş tapan şəxslər belə, təklif olunan maaşlardan razı deyil. Bu səbəbdən Azərbaycan son 30-35 il ərzində kütləvi beyin axını ilə üzləşir. Bacarıqlı mütəxəssislər və alimlər xaricə üz tutaraq daha yaxşı imkanlar axtarır. Bunun nəticəsində ölkədə ixtisaslı kadr çatışmazlığı yaranır.

 

Problemin həlli üçün dövlət əmək bazarını təhlil etməli, hansı sahələrdə ixtisasa ehtiyac olduğunu müəyyənləşdirməlidir. Bundan əlavə, kiçik sahibkarlıq üçün azad şərait yaradılmalı, məşğulluq proqramları çərçivəsində insanlara dəstək verilməlidir. Əgər bacarıqlı insanlar öz bilik və bacarıqlarını ölkənin inkişafı üçün istifadə etsələr, bu həm iqtisadiyyatı, həm də cəmiyyəti gücləndirə bilər”.

 

Nəzrin İsmayılova