"TələbəPlus" kartına yeni xidmət əlavə olunub-Ekspert yanaşması

Bölmə: Sosial › ,
Tarix: 16:58 30.01.2025

Xidmətə əsasən, tələbələr bundan sonra ildə bir dəfə özəl tibb müəssisələrində ödənişsiz "check-up" müayinəsindən keçə biləcəklər.

 

"TələbəPlus" kartlarında edilən güzəştlər tələbələr üçün nə dərəcədə faydalıdır?

 

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nurizadə "İnformator.az"a açıqlamasında bildirib ki, "TələbəPlus" kartı Təhsil İnkişaf Fondunun tələbələrin sosial rifahını yaxşılaşdırmaq və onlara müəyyən maddi dəstək göstərmək məqsədilə həyata keçirdiyi layihədir:

 

"Dünyanın hər yerində tələbələr üçün oxşar layihələr mövcuddur . Vahid tələbə kartları adətən nəqliyyat, mağaza, kitabxana, muzey, teatr və digər xidmətlərdə tələbələrə müəyyən güzəştlərin tətbiqi ilə xarakterizə edilir. Əsasən isə, nəqliyyat xərcləri üzərində nəzərdə tutulur.

 "TələbəPlus" kartı ilə bağlı ideya müzakirə olunarkən, onun tətbiqinə hələ başlanılmayanda belə, biz mediaya açıqlama verəndə bildirmişdik ki, əsas məsələ nəqliyyat məsələsi olmalıdır. Lakin Təhsil İnkişaf Fondu "TələbəPlus" kartının əməkdaşlıq sahəsini genişləndirməkdən ötürü əlindən gələni edir. Bunun bariz nümunəsi kimi bir neçə gün əvvəl Referans Medikal Qrupla əldə edilən razılaşmanı göstərmək olar. Bu razılaşmaya əsasən, tələbələr Referans Medikal Qrupa aid olan bütün xəstəxana və filiallarda 10%-lik endirim və ildə bir dəfə "check-up up" müayinəsindən yararlana biləcəklər.

Dövlət xəstəxanalarında "check-up" ildə bir neçə dəfə pulsuz həyata keçirilə bilir. Lakin özəl tibbi müəssisələrdə bu xidmət müəyyən məbləğ müqabilində edilir. Referans Medikal Qrupun özəl tibb müəssisəsi olduğunu nəzərə alsaq, bu addımı kiçik də olsa bir jest kimi qiymətləndirə bilərik. Amma təbii ki, bu başqa tibbi istiqamətlər də nəzərdə tutub. O zaman buna başqa özəl və dövlət tibbi müəssisələrin də qoşulmasını istərdik. Və təkcə "check-up"la bağlı deyil, daha yüksək məbləğli və tələbələr üçün daha lazımlı tibbi xidmətlərdə də güzəştlər edilməsi arzuolunandır. 

 Bu gün doğrudur ki, icbari tibbi sığorta mövcuddur. Onun əsasında pulsuz müayinələr və digər tibbi prosedurları həyata keçirə bilirik. Amma bu güzəştlərin, "TələbəPlus" kartı ilə edilməsi daha yaxşı olar".

 

Ekspert qeyd edib ki, "TələbəPlus" kartını faydalı edən əsas amil, ona qoşulan təsisatların kəmiyyət və keyfiyyətinin yüksək olmasıdır:

 

"Məsələn, endirimlər və xüsusi güzəştlər kəmiyyət və keyfiyyət baxımından zəifdirsə, həmin tələbə kartının keçərliliyi aşağı olacaq. Bir tələbə kartı ilk növbədə nəqliyyat vasitələrində keçərli olmalıdır və bu güzəşt 10% yox, ən azı 50% həcmində olmalıdır.

 Muzey, teatr və kino mərkəzlərində güzəştlər tətbiq olunmalıdır və 50% endirimlə xarakterizə olunmalıdır. 

Sərgi salonları, müəyyən konsert və mədəni tədbirlərin qatılım haqqı ən azı 50% endirimlə xarakterizə olunmalıdır.

 Kitab mağazaları da bu sistemə qoşulmalıdır və standart olaraq 10% yox, minimum 30% endirimlər nəzərdə tutulmalıdır. Çap müəssisələri də tələbələr üçün xüsusi güzəştlərə qoşulmalıdır.

 Bunları saymaqla çoxalda bilərik, amma reallıq hissini də unutmamalıyıq".

 

Aslanova Fatimə