Azərbaycanda yerli istehsal problemi-xarici platformalar niyə üstünlük qazanır?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:55 30.01.2025

"Azərbaycanda əsas problem yerli istehsalın olmamasıdır".

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Ekspert xaricdən sifarişlərlə müqayisədə yerli e-ticarətin geridə qalmasından da bəhs edib:

 

"Xarici platformaların fəaliyyət göstərməsinin əsas səbəbi, ölkənin xaricdən mal idxal etməsidir. Xarici platformalar fəaliyyət göstərir, çünki onlar istehsal olunan məhsulları satırlar. Məsələn, Türkiyədən alınan mallar Türkiyə istehsalıdır, Çindən gətirilən məhsullar isə Çin istehsalıdır. Lakin Azərbaycanda geniş miqyaslı yerli istehsal yoxdur. Azərbaycanda əsas istehsal sahələri neft, qaz, elektrik enerjisi və su təchizatı ilə məhdudlaşır. Digər sahələrdə isə əsasən kənd təsərrüfatı məhsulları mövcuddur ki, bunlar da əsasən marketlər vasitəsilə satılır. Onlayn platformalardan alınan məhsulların isə əksəriyyəti yerli istehsal deyil".

 

Xalid Kərimlinin sözlərinə görə, xidmət keyfiyyəti, ödəniş sistemləri, proqram təminatı və logistika baxımından ciddi problemlər mövcud deyil:

 

"Lakin yerli istehsalın olmaması xarici platformaların üstünlük qazanmasına səbəb olur. Xarici platformalar istehsalçı ölkələrin mallarını bazara çıxarır. Azərbaycanda istehsal potensialının aşağı olması isə bu sahədə rəqabət qabiliyyətini zəiflədir".

 

Fatimə Abdulrəhimli