Cristiano Ronaldo: 40 Yaşında Bir Əfsanə!
Bölmə: İdman › ,Tarix: 15:20 05.02.2025
Futbol dünyasında adını qızıl hərflərlə yazan Cristiano Ronaldo bu gün 40 yaşını qeyd edir. 5 dəfə Ballon d’Or qalibi, 900-dən çox qol müəllifi və saysız-hesabsız rekorda imza atmış bu portuqaliyalı əfsanə, yaşlanmaq yerinə, sanki zamanla daha da güclənir.
Ronaldo geniş şəkildə bütün dövrlərin ən yaxşı futbolçularından biri hesab edilir. Onun fikrincə, bu ada layiq olmaq üçün çox az rəqibi var.
“Doğrudan da, məndən daha yaxşı birini görməmişəm”,- Əl-Nəsr klubunun hücumçusu El Chiringuito TV-yə açıqlamasında bildirib.
“Düşünürəm ki, mən futbol tarixində mövcud olmuş ən komplekt oyunçuyam. Futbolda hər şeyi edirəm”.
Onun nailiyyətləri və uzunömürlülüyü nəzərə alındıqda, Ronaldo həqiqətən də unikal bir oyunçudur.
Ronaldo istedadlı olduğu qədər, həm də çalışqan futbolçudur. Onun karyerasında gördüyümüz əsas faktor təkcə futbol qabiliyyəti deyil, həm də daim özünü təkmilləşdirmək istəyidir. 2002-ci ildə “Sporting”-dən başlayan karyerası, «Manchester United”-də ulduza çevrilməsi, “Real Madrid”-də zirvəyə qalxması, “Juventus”-dakı yeni çağırışları və hazırda Səudiyyə Ərəbistanında “Al Nassr” komandasında göstərdiyi performans bunun sübutudur.
İndiyədək 33 əsas titul qazanıb.
Çoxları futbolçuların 30-dan sonra enişə keçdiyini düşünür, amma Ronaldo bu düşüncəni sındırdı.
Beş dəfə Ballon d’Or və iki dəfə FIFA The Best mükafatını qazanan Ronaldo hələlik futboldan ayrılmaq fikrində olmadığını bildirib. O, 30 yaşından sonra da böyük səviyyədə futbol oynadı, qol kralı oldu və hələ də fiziki cəhətdən çox gənc futbolçulardan geri qalmır. 40 yaşında belə, onun peşəkarlığı və motivasiyası heyranedicidir.
“Oyundan indi ayrılsam belə, heç bir peşmançılığım olmaz”,- Ronaldo bildirib.
“Amma bu, təəssüf doğurardı, çünki hələ də çox yaxşı formadayam və fərq yaradıram. Daha bir-iki il fərq yaratmağa davam edə bilərəm”.
Ronaldo sadəcə bir futbolçu deyil, həm də bir simvoldur. O, milyonlarla insana motivasiya verən, səhnədə olduğu hər an öz izini qoyan bir idmançıdır.
40 yaşın mübarək, Cristiano! Futbol dünyası sənin əfsanəni heç vaxt unutmayacaq.
Aytac Mustafayeva