Tramp elan etdi, İsrail naziri Katz “sürgün” üçün göstəriş verdi

Bölmə: Dünya › ,
Tarix: 16:35 06.02.2025

Onun sözlərinə görə, Fələstini tanıyan Avropa ölkələri bunu qəbul etməlidir...

 

İsrailin müdafiə naziri Yisrael Katz ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı “sürgün” planını həyata keçirmək üçün yeni addım atıb.

Katz İsrail ordusuna fələstinliləri Qəzza zolağında zorla köçürmək üçün plan hazırlamağı tapşırıb. Digər tərəfdən, İsrail naziri Katz, ötən il Fələstin dövlətini rəsmən tanıyan 3 Avropa ölkəsinin fələstinliləri qəbul etməyə "məcbur" olduğunu bildirib.

İsrail dövlət televiziyası Kanın məlumatına görə, Katz ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı fələstinliləri müxtəlif ölkələrə, xüsusilə Misir və İordaniyaya deportasiya etmək fikri ilə bağlı açıqlama verib.

 

Trampın açıqlamalarının həyata keçirilməsində ilk addım olaraq İsrail ordusuna plan hazırlamağı tapşırdığını bildirən Katz, plana fələstinlilərin qurudan olduğu kimi dəniz və hava yolu ilə də təxliyyəsinin də yer alacağını bildirib.

 

Trampın açıqlamalarını müsbət qarşıladığını və Kanadanın da keçmişdə Qəzza sakinlərini qəbul etmək istədiyini ifadə edən Katz, İspaniya, İrlandiya və Norveç kimi İsraili tənqid edən ölkələrin Qəzzada fələstinliləri qəbul etmək məcburiyyətində olduğunu iddia edib. Ötən il İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini rəsmən tanıdıqlarını bəyan ediblər.

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva