Patoloji yalançılar necə formalaşır?-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 16:27 07.02.2025
"Patoloji yalançılıq, əsasən uşaqlıq dövründə ailədə və ətraf mühitdə baş verən davranışların nəticəsində inkişaf edən bir sindromdur".
Bu sözləri "informator.az"a açıqlamasında klinik psixoloq Aynur İsmayılova söyləyib. Psixoloq patoloji yalançıları aşkar etməyin psixoloji yollarından da bəhs edib:
"Uşaq, valideynlərinin və yaxınlarının yalanlarını müşahidə edərək, bu davranışı normal və qəbul olunan bir davranış kimi qəbul etməyə başlayır. Məsələn, valideynlər bir əşyanı alıb, bunu gizlədərək başqa bir versiya təqdim edir və uşaq bunun normal olduğunu düşünür. Beləliklə, uşaq, valideynlərinin yalanlarına qarşı diqqətsiz qalır və zamanla öz yalanlarını daha inandırıcı şəkildə izah etməyə çalışır. Bu davranışın nəticəsi olaraq, uşağın yalanlarına göz yumulduqda və yalanları təsdiqləndikdə, uşaq yalanı normal bir sosial davranış kimi qəbul edir. Zamanla bu vərdiş patoloji yalançılığa çevrilə bilər. Patoloji yalançılıq, yalnız yalanların danışılması ilə deyil, həm də yalanların inandırıcı şəkildə təqdim olunması ilə xarakterizə olunur. Yeniyetməlik dövründə artıq bu davranış, uşağın şəxsiyyətinin bir hissəsinə çevrilir və o, öz yalanlarına inanaraq, başqalarına da bu yalanları inandırmağa çalışır".
Aynur İsmayılovanın sözlərinə görə, patoloji yalançıların davranışları, çox vaxt bədən dili ilə müşayiət olunur:
"Yalan danışarkən, onlar bədənlərini qabağa əyir, əl hərəkətlərindən çox istifadə edirlər və əllərini qulaqlarına yaxınlaşdırmaq, səs tonlarını dəyişdirmək kimi davranışları sərgiləyirlər. Bu cür davranışlar, yalan danışan şəxsin yalanını ifşa etmək üçün bir sıra göstəricilərdir. Lakin, patoloji yalançılar o qədər öz yalanlarına inanırlar ki, bu davranışları müəyyən etmək çətinləşir. Patoloji yalançılıq bir xəstəlik deyil, bir sindromdur. Bu sindromun qarşısını almaq üçün uşaqlıqdan etibarən yalan danışmağın cəmiyyətdə qəbul edilməyən, yanlış bir davranış olduğunu öyrətmək lazımdır. Uşağa, yalan danışmanın cəza ilə nəticələnəcəyini və dürüstlük anlayışının vacibliyini izah etmək önəmlidir".
Fatimə Abdulrəhimli