ABŞ və İran arasında müharibə ehtimalı artır?
Bölmə: Siyasət › ,Tarix: 20:39 08.02.2025
Son günlər ABŞ və İran arasındakı gərginlik daha da artıb. Orta Şərqdəki geosiyasi dinamika, xüsusilə regiondakı silahlı toqquşmalar və siyasi bəyanatlar, iki ölkə arasındakı münasibətləri daha da kəskinləşdirib. Ekspertlər vəziyyətin kritik həddə çatdığını bildirir və ehtimal olunan hərbi qarşıdurma məsələsi gündəmin əsas mövzularından birinə çevrilib. Bəs, mövcud vəziyyət genişmiqyaslı müharibəyə çevrilə bilərmi?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli qeyd edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp İrana qarşı təzyiqləri artırmaq qərarına gəlib:
"İrana qarşı sanksiyaların tətbiq olunması ehtimalı var. Bu proses ABŞ və İran arasında münasibətlərin gərginliyini ciddi şəkildə artırır. Rəsmi Tehran da Ağ Evə cavab olaraq adekvat tədbirlər görəcəyini bildirib. Bu baxımdan hesab edirəm ki, iki dövlət arasındakı münasibətlər əvvəlkindən daha da gərgin xarakter ala bilər. Lakin hazırda vəziyyətin nə qədər kəskinləşəcəyini proqnozlaşdırmaq çətindir. Çünki ABŞ İrana qarşı təzyiqləri artsa da, hərbi münaqişəyə həvəsli görünmür. Çünki bu, həm ABŞ, həm də Yaxın Şərq üçün ciddi problemlər yarada, regional sabitliyi poza bilər. Bu baxımdan hesab edirəm ki, Tramp administrasiyası İrana qarşı təzyiq kampaniyasını genişləndirsə də, ABŞ və İran arasında hərbi münaqişə səviyyəsində qarşıdurma gözlənilmir. Yəni hazırkı situasiyanın hərbi münaqişəyə çevrilmə ehtimalı çox zəifdir”.
Zəhra Məmmədova