Rusiya bir gecədə bu qədər PUA vurub

Bölmə: Siyasət › ,
Tarix: 21:25 14.07.2025

 

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 11 ədəd PUA vurub.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Oryolda 6, Bryanskda 2, Kursk, Krım və Qara dəniz üzərində isə 1 ədəd PUA vurulub.

 

Mövzu ilə bağlı hərbi ekspert Heydər Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, həm Rusiya, həm də Ukrayna tərəfdə artıq neçə ildir müharibə gedir:

 

“Hava məkanına nəzarət bu müharibədə çox böyük əhəmiyyət kəsb edir. Ona görə də hava hücumundan müdafiə qoşunları və vasitələri hər iki tərəfdə daim diqqət mərkəzindədir və təkmilləşdirilməyə çalışılır.Aydındır ki, müharibənin ilk aylarında Ukrayna tərəfi böyük itkilər verib. Bundan sonra digər hərbi sistemlər kimi hava hücumundan müdafiə sistemləri də Qərbdən gəlməyə başlayıb. Ukraynalıların da müəyyən hərbi-texniki potensialı olduğuna görə, son illərin təcrübəsini və müharibə şəraitini nəzərə alaraq öz texnologiyaları ilə Qərb texnologiyalarını bir araya gətirib müəyyən məhsullar istehsal edirlər. Amma əsas hava hücumlarından müdafiə sahəsində Ukrayna Qərb texnikası və Qərb sistemlərinə üstünlük verir”.

 

Hərbi ekspert bildirib ki, Rusiya tərəfinə gəldikdə isə, müharibənin ilk dövrlərində onlar da böyük itkilər veriblər:

 

“Bu, həm Ukraynanın ərazisində dərinə hücum etdikləri zaman baş verən itkilər olub, həm də gündəlik döyüş şəraitində verdikləri itkilər. Xüsusilə uzun mənzilli raketlər və müasir radioelektron vasitələrə malik dəqiq silahlar Ukrayna tərəfindən istifadəyə verildikdən sonra bu itkilər artıb. Bu silahlar düşmənin hava hücumundan müdafiə sistemlərini hədəfə alır.Məsələn, pilotsuz uçuş aparatları digər vasitələrlə koordinasiyada istifadə olunduqda, ilk növbədə onların məqsədi məhz hava hücumundan müdafiə sistemlərini məhv etmək olur ki, özləri havada rahat şəkildə fəaliyyət göstərə bilsinlər.Rusiya tərəfi də son illərdə İran və xüsusən Çinlə hava hücumundan müdafiə sistemlərinin elektron hissəsini təkmilləşdirmək üçün əməkdaşlıq edir. Çünki Rusiyanın öz imkanları artıq tam şəkildə tükənmək üzrədir. Onların hərbi-texniki potensialı ciddi şəkildə zəifləyib. Bu səbəbdən Rusiyanın hava hücumundan müdafiə qoşunlarının təkmilləşdirilməsində istifadə olunan elektron sxemlər, mikroçiplər, yaddaş kartları və digər yüksək texnologiyalı komponentlər hazırda əsasən Çindən alınır”.

 

Heydər Mirzə niyə məhz Oryol, Bryansk, Kursk və Krım istiqamətləri Ukrayna tərəfindən hədəfə alınması haqqında açıqlamasında bildirib ki, bu istiqamətlər Rusiyanın arxa cəbhəsini təşkil edir:

 

“Məsələn, Rusiya Xarkov, Donetsk, Luqansk və Zaporojye istiqamətində hücumlarını inkişaf etdirəndə onların logistikası, ehtiyat bazaları, yanacaq anbarları, hospitalları məhz bu qeyd olunan ərazilərdə yerləşir. Hərbi terminlə desək, bu istiqamətlər “исходные рубежи наступления” - hücumun çıxış mövqeləridir. Ona görə də bu ərazilərə endirilən zərbələr Rusiya ordusunun ön cəbhədəki döyüş qabiliyyətini azaldır. Bu taktikanı təkcə Ukrayna yox, Rusiya da tətbiq edir.Havaya nəzarətin məqsədi yalnız ön cəbhədə düşmənin canlı qüvvəsini və texnikasını məhv etmək deyil, eyni zamanda arxa cəbhədə logistik ehtiyatlar, təminat xətləri və kommunikasiya vasitələrini sıradan çıxarmaqdır”.

 

Heydər Mirzə son olaraq açıqlamasında PUA hücumları müharibənin gedişatına təsiri haqqında qeyd edib ki, hazırda ekspertlər arasında belə bir fikir formalaşıb ki, dronlar müharibəni dalana dirəyir:

 

“Çünki dronların intensiv istifadəsi nəticəsində hər iki tərəf müdafiə baxımından güclənib, lakin hücum imkanları məhdudlaşıb. Dronlar hücumların qarşısını almağa kömək edir, lakin hücum imkanlarını açmır. Bu da müharibənin statik xarakter almasına səbəb olur.Xüsusilə son bir ildə, Ukraynalıların Kursk vilayətindən çıxarılmasından sonra müharibədə böyük dinamika müşahidə olunmur. Ən yaxşı halda, ruslar həftə ərzində bir-iki kəndi ələ keçirirlər. Bu tempdə müharibənin neçə il çəkəcəyini proqnozlaşdırmaq çətindir.


Məhz dronların havada hökmranlığı əməliyyat azadlığını məhdudlaşdırır. Hər iki tərəf qarşı tərəfin hücum imkanlarını bloklayır. Tarixdə də buna bənzər nümunələr olub. Məsələn, Birinci Dünya müharibəsində texnologiyanın inkişafı nəticəsində müdafiə güclənmiş, hücum isə çox böyük itkilərlə müşayiət olunmuşdu. Hər iki tərəf səngərlərdə illərlə gözləyirdi və hər hansı hücum əvvəlcədən uğursuzluğa məhkum idi.Hazırda da oxşar vəziyyət yaranıb: dronlar havada ağalıq edir və hücum əməliyyatlarını çətinləşdirir”.

 

Mahmudlu Ləman