İsrailin Qəzzada etdikləri qəbuledilməzdir -Merz

Bölmə: Siyasət › ,
Tarix: 21:23 14.07.2025

 

Almaniya kansleri Fridrix Merz Qəzza zolağında mövcud vəziyyəti qəbuledilməz adlandırıb və bir neçə həftədir ki, İsrailin anklavdakı hərəkətlərindən narazı olduğunu bildirib. Bu barədə Merz ARD telekanalına müsahibəsində bildirib:“İsrail hökumətinin uzun həftələrdir Qəzza zolağında etdiklərini bəyənmirəm”.

 

Kansler bir neçə dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə mövcud vəziyyəti müzakirə etdiyini söyləyib:“Ümid edirəm ki, biz avropalılar amerikalılarla birlikdə son nəticədə iki dövlətli həllə gətirib çıxaracaq yolu tapa biləcəyik".

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Merzin İsraili tənqid siyasəti, əslində, Yaxın Şərqdəki reallıqlara əsaslanır:



“Yəni, Merz İsraili səbəbsiz tənqid etmir. Almaniya hakimiyyəti bu məsələyə ciddi yanaşır, analiz edir ki, hazırda Yaxın Şərqdə İsrailin bütün məqsədlərinə çatmaq potensialı ola bilər, amma bunu həyata keçirmək çox ciddi qarşıdurmalardan, qətliamlardan və dövlətlərarası müharibələrdən keçir. Bu isə nəticə etibarilə, qalib gəlsə belə, İsrailin özünə də sərf etmir, ən əsası isə Avropa dövlətlərinin maraqlarına tamamilə ziddir.Üstəlik, Avropa hazırda Rusiyadan enerji və digər tranzit asılıqlarını azaltmaq üçün alternativlər axtardığı bir vaxtda, İsrailin hərəkətləri Hindistandan başlayaraq Yaxın Şərq üzərindən Avropaya keçməli olan tranzit layihələrinin dayanmasına səbəb olur. Bu da Avropanın iqtisadi maraqlarını, xüsusən də enerji və tranzit maraqlarını ciddi şəkildə təhdid edir.Buna görə Avropa tərəfi düşünür ki, indi kompromis əldə etmək lazımdır və bu kompromisin ən optimal yolu iki dövlətli həll variantıdır. Beləliklə həm region yenidən beynəlxalq siyasətə inteqrasiya oluna bilər, həm də Avropanın alternativ layihələri həyata keçirilə bilər”.

 

Həşim Səhrablı qeyd edib ki, eyni zamanda Almaniya tərəfi demokratiya prinsipinin tamamilə sıradan çıxmasına, yəni beynəlxalq münasibətlər sisteminin çökməsinə də razı deyil:

 

“Çünki bu sistem məhz kollektiv Qərb tərəfindən, ABŞ-nin liderliyi ilə formalaşdırılıb və bu, Amerikaya, Almaniyaya və digər Qərbi Avropa dövlətlərinə dünya miqyasında öz maraqlarını təmin etməyə imkan verib. İndi isə İsrailin addımları bu beynəlxalq münasibətlər sisteminə ciddi zərbələr vurur və bu zərbələr artdıqca sistemin tam çöküşünü görmək mümkündür. Bu isə hazırda Qərbi Avropa üçün sərfəli deyil və onların maraqlarını ciddi təhdid edir.Bu səbəbdən Merz İsrailin iddialarını bir qədər yumşaltmasından və kompromisə getməsindən yana çıxış edir”.

 

Siyasi şərhçi əlavə edib ki, Avropa və ABŞ-nin iki dövlətli həll istiqamətində real təsiri əlbəttə ki, var:

 

“İsrail ABŞ-nin dəstəyi olmadan və ya Avropada ona az-çox dəstək verən dövlətlərsiz öz maraqlarını tam təmin edə bilməz. Əgər bu dəstəyi dayandırmaqla təzyiq göstərilərsə, bəli, bu, İsrailin siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər.Ancaq təkcə Almaniyanın bu təsir gücü yoxdur. Bu məsələdə ABŞ-nin da fəal iştirakı vacibdir. Merzin bu açıqlamalarının Almaniya-İsrail münasibətlərinə ciddi mənfi təsir göstərəcəyini düşünmürəm. Çünki hazırda İsrail ən yaxın tərəfdaşlarını itirmək istəmir, çünki özü də ciddi qarşıdurma içindədir və regional rəqiblərinin sayı kifayət qədər çoxdur.Belə bir vəziyyətdə İsrail nəinki müttəfiqlərini, hətta neytral ölkələri də itirmək istəməz. Buna görə düşünürəm ki, İsrail tərəfi bu açıqlamaya diplomatik qaydada reaksiya verəcək və Almaniya tərəfinə öz maraqlarının haqlı olduğunu əsaslandırmaqla kifayətlənəcək”.


Mahmudlu Ləman