“Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq ehtimalı azdır”-ŞƏRH
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/1695909_8.jpg)
Tarix: 21:04 11.02.2025
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
ABŞ lideri bunu “New York Post”a müsahibəsində deyib.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov “informator.az” a açıqlamasında bildirib ki, Donald Tramp 2-ci dəfə prezident seçilmədən öncə əsas hədəflərindən biri qlobal müharibələri dayandırmaq olduğunu vurğulayıb:
“Bu kontekstdə də Trampın hədəflərinin içərisində müharibəsiz və daha az savaş ocaqları olan dünya məsələsi əsas yer tutur. Ümumiyyətlə, Trampın 1-ci prezidentliyi dövründə ABŞ-nin xarici siyasət kursuna nəzər yetirəndə, Trampın bu yanaşmasını müşahidə etmək olur. Tramp özü etiraf edib ki, Amerika büdcəsindən Ukraynaya saysız yardımlar etməyi artıq istəmir. Tramp bütövlükdə ABŞ-nin xarici siyasətində ABŞ büdcəsindən ayrılan pulların daha az xərclənməsini, limitlərin tətbiq edilməsini iqtisadi siyasət konsepsiyasında əsas elan edib. Buna görə də həm Trampın özü, həm də onun təyin etdiyi dövlət gəlirlərinə nəzarət idarəsinin rəhbəri Elon Musk USAİD də daxil olmaq üzrə ABŞ-nin vətəndaşların vergiləri hesabına formalaşan dövlət büdcəsinin dünyanın ayrı-ayrı coğrafiyalarına xərclənməyini istəmirlər. Tramp anlayır ki, Amerikanın Ukraynaya etdiyi yardımları dayandırsa, dünyada ona qarşı sərt münasibətlərin yaranmasına səbəb olacaq. Ona görə də O, Putinlə tez-tez danışmaq istəyir.
Tramp Rusiya prezidenti ilə Rusiya-Ukrayna müharibəsindəki savaş bazasını dayandırılması məsələsinə nail olmağa çalışır. Amma bütövlükdə Rusiya-Ukrayna münaqişəsinə Trampın bir dəfəlik son qoymaq ehtimalı azdır. Burada əsas məsələ ondan ibarətdir ki, bir qısa müddətlik kiçik anlaşmalar və çərçivə sənədləri imzalana bilər. Amma faktiki olaraq Ukraynanın işğal edilən əraziləri var. Bütövlükdə işğal altında olan ərazi faktoru Rusiya-Ukrayna arasında tarix boyu anlaşmaların əldə edilməsi imkanlarını çox aşağı səviyyəyə çəkir.
Rusiya-Ukrayna müharibəsinin davamı və ya dayanmasının birbaşa Azərbaycana təsirlərini dəyərləndirmək doğru olmaz. Ümumiyyətlə, dünyadakı bütün müharibələr qlobal iqtisadiyyat üçün təhdidlər və risklər yaradır”.
Kəmalə Vəliyeva