"Fələstinlilər Qəzzanın bərpasından sonra ora qayıtmaq istəməyəcək"
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/8161130_2.jpg)
Tarix: 21:14 11.02.2025
ABŞ Prezidenti Donald Tramp Qəzza zonasını bərpa etmək planının həyata keçirilməsindən sonra fələstinlilərin anklava qayıtmaq istəməyəcəklərini düşünür.
"Onlar geri qayıtmayacaqlar. Çünki daha yaxşı mənzilə və yaşayışa sahib olacaqlar", - Tramp deyib.
Ağ Ev rəhbəri 1,9 milyon insanın yaşaya biləcəyi gözəl yerlər tikəcəyini söyləyib:
"Bunu gələcəyin daşınmaz əmlak layihəsi kimi düşünün".
ABŞ Prezidenti, həmçinin planını həyata keçirmək üçün İordaniya və Misirlə razılığa gələ biləcəyinə əminliyini ifadə edib, çünki Vaşinqton onlara ildə milyardlarla dollar verir.
Tramp anklavı söküntü yerinə bənzədib və sakinlərin “qayıtmağa yerlərinin olmayacağını”,- deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Qəzza əhalisinin köçürülməsini məcburi deportasiya və ya sürgün hesab etmək olar:
"Çünki onlar illərdir öz vətənlərini tərk etməmək uğrunda döyüşüb ölürlər. Əgər çıxacaqdılarsa, indiyə qədər bombaların altında niyə məhv olurdular? Demək ki, onlar heç zaman könüllü çıxmağa razı olmayacaqlar. ABŞ Prezidenti Donald Tramp əsasən biznes sahəsində təcrübəli olduğu üçün dövlətçilik ideologiyasını, mədəni, tarixi, mənəvi dəyərləri düşünmür. Yalnız hər şeyə alver gözü ilə baxır. Düşünür ki, fələstinliləri pulla aldadıb şirnikləndirməklə yerlərindən çıxara bilər. Amma bu belə olmayacaq. Şübhəsiz ki, hamı bilir ki, əsl məqsəd Qəzzanı boşaldıb İsrailə təhvil vermək və fələstinlilərin bir daha ora qayıtmasına imkan verməməkdir. İsrailin savaşı uzatmaqda məqsədi Qəzzanı tam ələ keçirmək idi. Əsirlərə görə tunelləri tam sıradan çıxara bilmədilər və Həmas ayaqda qaldı, hətta qələbə də elan etdi. Ona görə ABŞ bu niyyətini Trampın dili ilə ifadə edir. Məqsəd isə Qəzzanı tam boşaldıb İsrailə vermək, əhalini də ərəb ölkələrinə səpələməklə pulla və yaxşı yaşam şəraiti ilə qarmağa salmaqdır ki, bir daha geri dönməsinlər".
Politoloqun sözlərinə görə, İordaniya və Misir kimi dövlətlər isə bilir ki, Qəzzadan sonra növbə onların torpaqlarına gələcək:
" Çünki “Böyük İsrail” planı çərçivəsində “vəd edilmiş torpaqlar”a hətta Türkiyənin bir hissəsi də daxildir.
Ona görə də Türkiyə başda olmaqla, Suriya, İordaniya və Misir kimi dövlətlərin buna etirazı və köçürülməyə qəti şəkildə qarşı çıxmaları anlaşılandır. Trampın bu planı zorla həyata keçirilmək istənilsə, yenidən total müharibə başlayacaq və bu dəfə daha geniş coğrafiyanı əhatə edəcək.
Qəzzanı Həmas əsla təhvil verməz. Əgər zorla girsələr və Həmasın tunelləri sıradan çıxarılsa belə, təşkilat Misir, İordaniya və Suriya kimi region ölkələrindən İsrailə qarşı mübarizəsini davam etdirəcək.
Ona görə də Trampın bu köçürmə planı çox təhlükəlidir.
Əgər əhalinin yurdlarının viran edilməsinə görə canları yanırsa, bunun üçün köçürməyə ehtiyac yoxdur. Onsuz da Fələstin əhalisi bir əsrə yaxındır ki, çadırlarda, səfil durumda yaşamağa öyrəşib. Elə Qəzzada da qalıb bu şəraitdə yaşaya bilərlər.
Eyni zamanda onlara İsrailin özündə, yəni köhnə Fələstin torpaqlarında – Rəmallahda, Xayfada məskənlər salına bilər ki, Qəzza tikilənə qədər orada qalsınlar.
Yox, əgər onları qonşu ərəb ölkələrinə sürgün edirlərsə, bunun adı "gedərgəlməzdir". İsrail aldığını heç zaman geri verməyib.
Bu məsələ təkcə ABŞ-nin İsrailin təhriki ilə özbaşına qərar verməli olduğu bir məsələ deyil.
Müsəlman və ərəb dövlətlərinin rəyi nəzərə alınmalıdır. Əsasən Türkiyənin mövqeyi önəmlidir. Çünki ərəb ölkələri bilir ki, bu prosesin sonu onların da başına problem açacaq.
Bu durumda İsrailə qarşı total müharibə ehtimalı da istisna edilmir".
Aygün Babayeva