ABŞ-nin Moskvadakı səfiri Rusiya XİN-ə gedib
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/9082110_.jpeg)
Tarix: 21:53 11.02.2025
Səfirin XİN-ə çağırılması xüsusilə, Donald Trampın Vladimir Putinə son telefon zəngi və ABŞ-nin Rusiya ilə bağlı yeni siyasət istiqamətləri ilə əlaqələndirilir.
Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əli Əzizbəyli "informator.az"a açıqlamasında bildirib ki,
diplomatik nümayəndəliklərin çağırılması, nota verilməsi və insayder məlumatların ötürülməsi dövlətlərin mövcud siyasi mövqeyini müəyyənləşdirmək üçün istifadə edilən adi diplomatik vasitələrdir:
"Rusiya ilə ABŞ arasındakı son təmasların əsas səbəbi, şübhəsiz ki, Donald Trampın Vladimir Putinə zəng etməsi məsələsidir. Məsələnin maraqlı tərəfi isə budur: Bu faktiki olaraq Rusiya ilə ABŞ arasında nələrin baş verdiyini açıq şəkildə göstərir. Rusiya, müharibənin alternativini-Trampın ifadəsi ilə desək "biznes" kimi görür və proseslərin bu istiqamətdə inkişaf etdiyini iddia edə bilərik.
ABŞ üçün Ukraynanın qalan əraziləri həm təbii sərvət mənbəyi, həm də təhlükəsizlik divarı rolunu oynaya bilər. Bu model müəyyən mənada Cənubi Koreya, Tayvan və Yunan Kiprinə bənzəyir. Proseslər elə bir məcraya yönələ bilər ki, Rusiya işğal etdiyi əraziləri əlində saxlamağa davam edəcək, ABŞ isə digər bölgələr üzərində təsirini genişləndirəcək. Nəticədə, Ukrayna məsələsində Vaşinqton və Moskvanın müəyyən razılığa gəlməsi real görünür".
O, qeyd edib ki, ABŞ həm Ukraynanın bir hissəsini öz təsir dairəsində saxlayır, həm də Avropa İttifaqının müəyyən ölkələrini Rusiya təhlükəsi ilə qorxudaraq öz orbitinə qaytarır:
"Bu, faktiki olaraq İkinci Dünya Müharibəsində tətbiq olunan strategiyanın təkrarıdır, yəni ABŞ Avropanı öz təsiri altında saxlamaq üçün Rusiya faktorundan istifadə edir.
Bütün bu proseslər isə üçüncü gücə, yəni Çinə qarşı yönəldilmiş ola bilər. Əgər daha dərindən düşünülərsə, bu geopolitik strategiyanın hədəfində Çinin dayandığını açıq şəkildə söyləmək mümkündür".
Aydan Quliyeva