"Rusiya Cənubi Qafqazda qarşıdurmaya qarşıdır"

Bölmə: Siyasət › ,
Tarix: 21:28 11.02.2025

Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək cəhdlərini rədd edir. Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva bölgəni xaosdan qorumaq və əməkdaşlıq zonasına çevirmək üçün səylərini davam etdirəcək. 

 

Siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqaz siyasətinə nəzər saldıqda, onun tarixi boyunca dəyişməz qalan əsas prinsiplərini görmək mümkündür:

 

"Əsrlərdir bu regionda hökmranlığını qorumağa çalışan Rusiya müxtəlif siyasi və hərbi üsullarla burada təsirini saxlamağa cəhd edir. Tarix boyu Rusiya Cənubi Qafqaz ölkələri arasında münaqişələr yaratmaqla və millətlərarası qarşıdurmaları dərinləşdirməklə öz mövqeyini gücləndirmək siyasətini yürüdüb. Bu strategiya dəyişməyib və bu gün də davam etməkdədir.

Xüsusilə Qarabağ məsələsində biz bu siyasətin izlərini görə bilərik. Münaqişənin həll olunmasına baxmayaraq, Rusiya hələ də regionda təsirini saxlamaq üçün müxtəlif təzyiq mexanizmlərindən istifadə edir. Azərbaycanın müstəqil siyasət yürütməsi və bölgədə güclənməsi Rusiyanın təzyiqlərini artırmasına səbəb olur.

Əslində, bu siyasətin kökləri hələ Çar Rusiyası dövrünə gedib çıxır. O zaman da imperiya Cənubi Qafqazda hakimiyyətini qorumaq üçün yerli xalqları bir-birinə qarşı qoyur, daxili çəkişmələrə təşviq edirdi. Sovet dövründə isə Moskva bu bölgəni tam nəzarət altında saxlayır və müstəqil siyasət yürütməsinə imkan vermirdi. Hazırda isə Rusiya fərqli üsullarla eyni məqsədi güdür – Cənubi Qafqazda öz dominant rolunu qorumaq.

Digər mühüm amil Qərbin regiona marağının artmasıdır. Qərb dövlətlərinin, xüsusilə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda aktivləşməsi Rusiyanı daha da aqressiv siyasət yürütməyə sövq edir. Rusiya və Qərb arasındakı geosiyasi rəqabət Cənubi Qafqazda da özünü göstərir və bu, bölgədə vəziyyətin gərginləşməsinə gətirib çıxarır”.

 

 Asif Nərimanlı qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı münaqişənin həll olunmasına baxmayaraq, Moskva regionda təsirini saxlamaq üçün müxtəlif təzyiq mexanizmlərindən istifadə edir:

 

“Rusiya əsrlərdir dəyişməz siyasətini davam etdirir. Cənubi Qafqaz ölkələrinin müstəqilliyini məhdudlaşdırmaq, onları öz təsir dairəsində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edir. Qarabağ münaqişəsinin həlli və Azərbaycanın güclənməsi bu siyasətə ciddi təsir etsə də, Rusiya hələ də təzyiq göstərməkdən çəkinmir. Geosiyasi proseslər göstərir ki, gələcəkdə də bu mübarizə davam edəcək və Cənubi Qafqaz beynəlxalq qüvvələrin maraqlarının toqquşduğu əsas bölgələrdən biri olaraq qalacaq. Bu günə qədər, xüsusilə Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqazda eyni proseslər davam edir. Bəzi dövrlərdə müəyyən dəyişikliklər müşahidə edilsə də, əsas siyasət mahiyyət etibarilə sabit qalır. Xüsusilə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər bu prosesi daha da aydın şəkildə göstərir.

Son illərdə Qərblə Rusiya arasındakı münasibətlər, o cümlədən ABŞ-nin mövqeyi bölgəyə təsir edən əsas faktorlar arasında olub. Trampın hakimiyyətə gəlməsi ilə Putinlə müəyyən anlaşmalara gedə biləcəyi barədə fikirlər səsləndirildi. Bunun nəticəsi olaraq, Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişmələr ola bilərdi. Lakin ümumi mənzərə dəyişmir: həm ABŞ-nin, həm də Rusiyanın regionda ciddi maraqları var və bu maraqların toqquşması regional sabitliyi daim təhdid altında saxlayır.

Eyni dinamika Biden administrasiyası dövründə də davam etdi. Lakin əgər Tramp yenidən hakimiyyətə gələcəksə, bu dəfə daha fərqli bir yanaşmanın şahidi ola bilərik. O, ya Rusiyayla daha loyal münasibətlər quracaq, ya da əvvəlkindən fərqli bir siyasət yürüdəcək. Buna baxmayaraq, əsas məsələ dəyişməz qalır: Rusiya regionda təsirini itirmək istəmir və Qərbin bölgədən uzaqlaşması Moskvanın daha da aqressiv siyasət yürütməsinə səbəb ola bilər.

Beləliklə, Cənubi Qafqazda geosiyasi mübarizə davam edir. Hər nə qədər fərqli dövrlərdə dəyişikliklər müşahidə olunsa da, əsas oyunçular – Rusiya və Qərb eyni məqsədləri güdürlər və onların maraqları toqquşduqca bölgədə sabitliyin qorunması çətinləşir. Əslində, Qərbin Cənubi Qafqazda aktivləşməsinə iki aspektdən yanaşmaq olar. Bir tərəfdən, Qərblə Rusiya arasındakı geosiyasi rəqabət bu regiona birbaşa təsir edir. Bu proses həm sülhə, həm də regional inkişaf və təhlükəsizliyə müəyyən təsirlər yaradır. Digər tərəfdən isə, Rusiyanın qarşısında alternativ qüvvələrin meydana çıxması Moskvanın aqressivliyini artırır. Rusiya bu alternativləri sıradan çıxarmaq üçün bölgədə daha sərt siyasət yürüdür və təsir dairəsini genişləndirmək üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir.

Əgər Qərb Cənubi Qafqazda passivləşərsə və bölgədən çəkilərsə, bu, Rusiyanın daha da aqressiv mövqe sərgiləməsinə gətirib çıxarır. Bu isə regional sabitliyə əlavə təhdidlər yaradır. Nəticədə, Cənubi Qafqazda vəziyyət daha da mürəkkəbləşir və hər bir ssenarinin özünəməxsus xüsusiyyətləri meydana çıxır.

Beləliklə, Qərbin və Rusiyanın Cənubi Qafqazdakı mövqeləri arasında balans dəyişdikcə, regiondakı geosiyasi vəziyyət də dəyişir. Bu mübarizə davam etdikcə, bölgənin gələcəyi də daim xarici qüvvələrin təsiri altında olacaq”.

 

Xanım Ağamalıyeva