"Hakaton 29: Azərbaycanda eko-innovasiyaya gənclərin təşviqi" layihəsi başa çatıb-FOTO

Bölmə: Sosial › ,
Tarix: 21:40 15.02.2025

Layihənin məqsədi Azərbaycan gənclərini dövlətin uğurlu ekoloji və innovasiya siyasətinə dəstək göstərərək ətraf mühitin mühafizəsi və davamlılıq təşəbbüslərində fəal iştirak etmək üçün ruhlandırmaq və səfərbər etməkdir.

 

4 günü əhatə edən layihədə gənclərlə "Ekologiya, dünyada və Azərbaycanda ekoloji problemlər və həlli yolları" mövzusunda müzakirələr aparılıb. Layihə zamanı gənclər üçün "Komanda quruculuğu", "Təqdimatların hazırlanması və təqdim olunması", "Layihənin büdcəsinin formalaşdırılması" və s. ekoloji sahədə maarifləndirici təlim və görüşlər keçirilib. Həmçinin gənclər arasında plastik tullantılarla mübarizə ilə bağlı qrup işi təşkil olunub, müxtəlif oyunlar, simulyasiyalar icra olunub.

 

Gənclər komandalara bölünərək layihənin sonuncu günündə öz innovativ ideyalarını layihələşdirib münsiflər heyətinə təqdim edib. Sonda qalib komandanın üzvlərinə hədiyyələr təqdim edilib.

 

Azərbaycan Respublikası Gənclər Fondunun "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində qrant müsabiqəsinin qalib olan "Hakaton 29: Azərbaycanda eko-innovasiyaya gənclərin təşviqi" layihəsi "Azərbaycan-Britaniya Məzunları" İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin təşkilati dəstəyi ilə təşkil olunub.