Müharibə Travması: Hərbiçi və Mülki Əhali Üzərindəki Gizli Təsirlər

Tarix: 18:30 23.02.2025
Müharibə travması, cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli təsir göstərir və bu, həm mülki əhali, həm də hərbiçilər üçün müxtəlif problemlər yaradır.
Mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli "informator.az"a bildirib ki, müharibənin yaratdığı travmalar yalnız iştirakçıların şəxsi problemləri ilə məhdudlaşmır, əksinə, sosial və ailəvi təsirlərə də səbəb olur. Hər iki tərəfin – mülki əhalinin və hərbiçilərin – müharibədən sonrakı vəziyyəti və adaptasiyası fərqlidir, lakin hər iki halda ciddi psixoloji təsirlər mövcuddur:
"Müharibə veteranlarının müharibədən sonrakı vəziyyəti çox zaman həm şəxsi, həm də sosial problemlərə səbəb olur. Bu, yalnız həmin şəxslərin deyil, onların ailələrinin və yaxınlarının da üzləşdiyi çətinliklərdir. Mülki həyata adaptasiya prosesi veteranlar üçün olduqca çətin olur. Müharibə bir çox hərbiçilər üçün bir növ "komfort zonası"dır, çünki orada onlar müəyyən qaydalar və strukturlar daxilində fəaliyyət göstərirlər. Lakin müharibə bitdikdən sonra mülki həyata keçid, bir çox hallarda, travmatik bir təcrübəyə çevrilir. Əvvəllər müharibədə iştirak edən insanlar bu yeni mühitə uyğunlaşmaqda çətinlik çəkir və özlərini sosial baxımdan izolyasiya edilmiş hiss edə bilərlər.
Sovet dövründə, müharibə iştirakçıları dərhal müxtəlif dövlət idarələrində və ya digər sahələrdə işə düzəlir, bu da onların mülki həyata adaptasiyasını asanlaşdırırdı. Lakin müasir dövrdə belə bir mexanizm yoxdur və bu, veteranların qarşılaşdığı problemləri daha da dərinləşdirir. Mülki həyata keçid zamanı onlar bir növ "lazımsızlaşmış" hiss edirlər, sosial və peşəkar mövqelərində özlərini gücsüz hiss edə bilərlər. Bu da nəticə etibarilə depressiya, sosial əzablar və psixoloji sıxıntılarla nəticələnir.
Müharibə travması yalnız mülki əhali ilə məhdudlaşmır. Hərbiçilər də müharibə zamanı ciddi psixoloji təsirlər ala bilərlər. Müharibədən sonra bir çox hərbiçi panik ataklar və digər nevrozlardan əziyyət çəkir. Panik atak, heç bir əsas olmadan yaranan qorxu və narahatlıq hissidir və bu, çox zaman dözülməz olur. Bu qorxu hissi, bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər və bəzən aylar ərzində təkrarlana bilər. Panik atak, ürək döyüntüləri, nəfəs çatışmazlığı, boğulma hissi, ölüm qorxusu kimi əlamətlərlə müşayiət oluna bilər.
Bəzi hallarda müharibə iştirakçıları bu vəziyyətlə başa çıxa bilmir və özlərinə qəsd edirlər. Bu cür hallarla tez-tez qarşılaşırıq və təəssüf ki, bu vəziyyət cəmiyyətdə çox zaman qınaqla qarşılanır. Əslində isə bu, travmanın birbaşa nəticəsidir və buna düzgün yanaşılmalıdır. Müharibə iştirakçıları, xüsusilə veteranlar üçün psixoloji dəstək vacibdir. Onlar yalnız müharibə deyil, həm də post-müharibə dövrünün yaratdığı çətinliklərlə baş etməlidirlər".
Psixoloq qeyd edib ki, bu cür vəziyyətlərlə başa çıxmaq üçün ən effektiv yollardan biri, veteranlar üçün xüsusi klubların yaradılmasıdır.
"Bu klublar, müharibə iştirakçılarının öz aralarında təcrübələrini bölüşmələrini və bir-birilərini başa düşmələrini təmin edir. Belə mühitlər, onlara sosial dəstək, psixoloji rahatlıq və həmrəylik təqdim edər. Həmçinin, veteranların təcrübələrini paylaşaraq, travmalarını azaldaraq mülki həyata adaptasiya prosesini asanlaşdırmaq mümkündür. Bu, həm də cəmiyyətin müharibə veteranlarına qarşı daha anlayışlı və empatik yanaşmasına kömək edər".
Çinarə Tarverdiyeva