Əmlak alarkən diqqət edilməli məqamlar

Tarix: 19:36 15.02.2025
Mənzil və ya torpaq sahəsi almaq hər bir insanın həyatında mühüm qərarlardan biridir. Lakin düzgün seçim etmədikdə alıcı həm maddi, həm də hüquqi problemlərlə qarşılaşa bilər. Son illərdə daşınmaz əmlak bazarında dələduzluq halları, sənəd problemləri və bazar qiymətlərində dəyişkənlik artdığı üçün alıcıların daha diqqətli olması vacibdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hüquqşünas Emil Qurbanov bildirir ki, əmlak alarkən ilk növbədə kupçanın olub-olmadığını yoxlamaq lazımdır:
"Kupçada da ilk olaraq həmin torpaq sahəsinin çıxarışla bağlı olub-olmadığını araşdırmaq vacibdir. Bəzən torpaq sahəsi icarədə olur və ya bir neçə nəfərin mülkiyyətində olur. Alıcılar bəzən çıxarışa (kupçaya) aldanır, halbuki hər işdə hüquqşünasla məsləhətləşmək vacibdir. Həmçinin, həmin mənzillə bağlı mübahisənin olub-olmadığını yoxlamaq lazımdır. Notariusa alqı-satqı üçün getməmişdən öncə Forma 1 arayışını əldə etmək tövsiyə olunur. Bu sənəd əsasında mənzilin üzərində həbs, girov və ya digər məhdudiyyətlərin olub-olmadığını, dövlət reyestrində qeydiyyatda olub-olmadığını yoxlamaq mümkündür. Bundan əlavə, satıcının evli olub-olmadığını və həyat yoldaşının razılığının tələb edilib-edilmədiyini araşdırmaq da vacibdir. Bəzən etibarnamə ilə torpaq satışı həyata keçirilir və bu, uzunmüddətli problemlərə səbəb ola bilər. Buna görə də alqı-satqı zamanı bütün hüquqi məsələləri diqqətlə araşdırmaq tövsiyə edilir".
Zəhra Məmmədova