Alfa qadını olmaq: üstünlükləri və çətinlikləri

Bölmə: Sosial › ,
Tarix: 10:50 17.02.2025

“Alfa olmaq bir seçim və ya xarakter xüsusiyyəti ola bilər. Bəzi insanlar doğuşdan alfa xüsusiyyətlərinə sahib olsa da, bu keyfiyyətlər həyat təcrübəsi və özünü inkişaf etdirməklə də qazanıla bilər”q

 

Bu sözləri uşaq və yeniyetmə psixoloqu Fatimə Hacıyeva “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, alfa qadınlar güclü, müstəqil, lider xarakterli və ambisiyalı insanlardır:

 

“Onlar öz hədəflərinə çatmaq üçün qətiyyətli davranır və adətən cəmiyyətin qoyduğu stereotipləri sındırmağa çalışırlar. Alfa olmaq təkcə xarici görünüş ilə yox, daxili güc ilə bağlıdır. Həyatda qarşımıza çıxan hər bir çətinlik bizim necə bir insan olduğumuzu formalaşdırır. Alfa olmaq- özünə güvənmək, qərarlarının arxasında sonuna qədər dayanmaq, məsuliyyətini dərk etmək, başqalarının təsirində qalmadan fikirlərini dinləyərək öz yolunu seçməkdir. Alfa qadınlar çətin situasiyalarda sakit qalmağı bacarır, hislərini nəzarət altında saxlayır və çətinliklərdən qaçmaq yerinə onlarla üzləşib problem həll edir. Alfa olmaq həyatını müsbət yöndə dəyişdirmək və hədəflərinə çatmaq üçün ilk addımdır”.

 

Psixoloqun sözlərinə görə, alfa qadınlar güclü liderlik xüsusiyyətlərinə malikdirlər və bir çox cəhətdən fərqlənirlər:

 

"Özünəinam : Qərarlarında qətiyyətlidirlər və başqalarının fikirlərinə həddindən artıq bağlı deyillər.

Ambisiya və məqsədyönlülük: Karyera, şəxsi inkişaf və ya digər sahələrdə daim irəliləməyə çalışırlar.

Müstəqillik: Maddi və emosional baxımdan asılı olmamağa üstünlük verirlər.

Liderlik və dominantlıq :Təbii olaraq insanlara rəhbərlik etməyə meyillidirlər və öz fikirlərini açıq şəkildə ifadə edirlər.

Risk almaq və təşəbbüs göstərmək :Yeni şeylər sınamaqdan çəkinmirlər və çətinlikləri fürsət kimi görürlər.

 

Cəmiyyətdə yer qazanmaq məsələsinə gəlincə, bu, bir çox faktordan asılıdır. Patriarxal düşüncə tərzi üstünlük təşkil edən yerlərdə alfa qadınlara qarşı müqavimət daha çox olur, çünki onların güclü olması bəzi insanlara qeyri-adi və ya təhdid kimi görünə bilər. Lakin müasir dünyada, xüsusilə böyük şəhərlərdə və inkişaf etmiş ölkələrdə alfa qadınların uğur qazanması daha asan olur, çünki liderlik keyfiyyətləri daha çox dəyərləndirilir.

Bununla belə, alfa qadınlar bəzən daha çox tənqid olunur, çünki cəmiyyət hələ də qadınlardan daha yumşaq və itaətkar olmağı gözləyə bilər. Amma bu çətinliklərə baxmayaraq, onlar öz yollarını tapmağı və uğur qazanmağı bacarırlar”.

 

Müsahibimiz ailə münasibətləri və iş mühitində alfa qadınların hansı çətinliklərlə qarşılaşdığı haqqında da danışdı:

 

"Ailə münasibətlərində:

 

Partnyor seçimi: Alfa qadınlar güclü və ambisiyalı olduqları üçün münasibətlərdə uyğun bir partnyor tapmaqda çətinlik çəkə bilərlər. Onlar idarəolunan deyil, bərabərhüquqlu münasibətləri istəyirlər.

 

Stereotiplər və cəmiyyətin gözləntiləri: Bəzi insanlar hələ də qadının əsas rolunun ailəyə xidmət etmək olduğunu düşünür, bu da alfa qadınlar üçün təzyiq yarada bilər.

 

Ailə və karyera balansı: Onlar karyeralarında uğur qazanmaq istəyirlər, bəzən ailə-məişət işləri ilə bu balansı qorumaq çətin ola bilər.

 

İş mühitində:

 

Rəqabət və qısqanclıq: Bəzi həmkarları, xüsusilə kişi həmkarları alfa qadının dominant mövqeyindən narahat ola bilərlər.

Stereotiplər və qadın liderlərə qarşı müqavimət: Bəzi təşkilatlarda qadın liderlər kişilər qədər ciddi qəbul olunmaya bilər.

Emosional etiketlənmə: Güclü və sərt olduqda “soyuq” və ya “çətin insan” kimi damğalana bilərlər".

 

Müsahib sözlərində qeyd edib ki, alfa qadın olmaq həm anadangəlmə, həm də sonradan qazanılan xüsusiyyətlərin qarışığıdır:

 

“Bəzi qadınlar doğuşdan güclü xarakterə malik olur – özünəinamlı, lider ruhlu, risk almaqdan qorxmayan, enerjisi və duruşu ilə insanlara təsir edən. Bu, genetika və temperamentlə bağlı ola bilər. Məsələn, bəzi uşaqlar artıq kiçik yaşlarından dominant və qətiyyətli davranırlar.

Amma təkcə doğuşdan alfa olmaq kifayət deyil. Həyat təcrübələri, çətinliklər, mübarizələr və şəxsi inkişaf da alfa qadını formalaşdırır. Çünki bəzən insan çətinliklər qarşısında sınır, bəzən isə daha da güclənir. Əgər bir qadın həyatın gətirdiyi sınaqlardan keçərək, özünü tanıyaraq və güclənərək çıxırsa, o da alfa qadına çevrilə bilər. Yəni, bəziləri bu xüsusiyyətlə doğulsa da, başqaları bunu öyrənə və inkişaf etdirə bilər.

Əsas məsələ mentallıq və düşüncə tərzidir. Əgər bir qadın "Mən öz ayaqlarım üstündə dayanacağam, istədiyim həyatı quracağam, mənə mane olan stereotipləri və qorxuları aşacağam" deyirsə və bu yolda irəliləyirsə, o artıq alfa qadına çevrilir. Hər bir qadının içində alfalıq olur”.

 

Nərmin Həşimova