Ağ Evə qalibiyyətlə qayıtdıqdan sonra Tramp hələ də Baydenə fokuslanıb: “Bu, onun günahıdır”

Bölmə: Dünya › ,
Tarix: 21:19 17.02.2025

Co Bayden Ağ Evi tərk edəndən təxminən bir ay keçib, lakin o, Donald Trampın fikrindən heç vaxt uzaq deyil.

 

Keçmiş prezident Tramp hakimiyyətə qayıtdıqdan sonra çıxış etdiyi hər tədbirdə Baydeni tənqid edib, onu zarafat obyektinə çevirib və hədəfə alıb. Respublikaçılar Vaşinqtonda tam nəzarəti ələ keçirdikdən sonra Tramp daim bir əks qüvvə axtarır və bu siyahının başında Bayden dayanır.

 

"Bu məsələlərin çoxu Baydenin günahıdır," – Tramp keçən həftə Oval kabinetdə federal işçilərin uzaqdan işləməsinə icazə verilməsi ilə bağlı danışarkən deyib. "Bu, onun günahıdır".

 

Tramp üçün məsuliyyət Baydendədir – özündə yox. Bu, bir zamanlar Harri Trumenin masasının üzərində duran və demək olar ki, hər prezident üçün prinsip olmuş "Məsuliyyət buradadır" ifadəsinə yeni bir çalar əlavə edir.

 

Tramp və komandası Baydeni bir sıra problemlərdə günahlandırıb: yumurtanın bahalaşması, Potomak çayında sərnişin təyyarəsinin qəzaya uğraması, FEMA-nın fəlakət yardımlarını düzgün idarə edə bilməməsi, Qəzza və Ukraynadakı müharibələr, Somalidə terrorçuların çoxalması, ABŞ-nin  ticarət defisitinin artması, Pekinlə münasibətlərin pisləşməsi və s.

 

"Fikrimcə, Bayden səriştəsizdir," – Tramp cümə axşamı günü əvvəlki prezidentini səkkiz dəfə tənqid edərək onu Rusiya-Ukrayna müharibəsində günahlandırıb. "Məncə, o, Ukraynanın NATO-ya qoşula biləcəyini dedikdə, bu, çox axmaq bir açıqlama idi".

 

Nuray Qurbanlı