TASS Sankt-Peterburqda OANA-nın Assambleyasını keçirəcək

Tarix: 19:58 17.02.2025
Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) yekdilliklə TASS xəbər agentliyinə bu ilin iyun ayında Sankt-Peterburqda OANA-nın 19-cu Baş Assambleyasını keçirmək hüququnu verib.
"OANA İcraiyyə Şurasının üzvlərinin yekdil qərarı ilə TASS-a bu ilin iyun ayında Sankt-Peterburqda təşkilatın 19-cu Baş Assambleyasını keçirmək hüququnun verilməsi, TASS-ın qlobal informasiya icmasında ən yüksək nüfuza malik olduğunu sübut edir" – deyə OANA-nın Baş katibi Zaman Rezaxani Kuala-Lumpurda keçirilən iclasda səsvermədən sonra bildirib.
TASS-ın baş direktoru Andrey Kondraşov adından birinci müavin Mixail Qusman OANA İcraiyyə Şurasının iclasında iştirak edənləri əmin edib ki, "TASS, 19-cu OANA Baş Assambleyasının ən yüksək standartlara cavab verməsini təmin edəcək. Assambleya iştirakçıları plenar iclaslarda iştirak edəcək, tanınmış Rusiya siyasətçiləri və ictimai xadimləri ilə görüşəcək, həmçinin Rusiyanın şimal paytaxtını kəşf etmək imkanı əldə edəcəklər".
Mənbə: ITAR TASS
Zəhra Məmmədova