Gecə Növbələri və Uzun Dərs Saatlarının Sağlamlığa Təsiri

Tarix: 22:13 17.02.2025
Müasir dövrdə bir çox tələbə və işçilər uzun dərs saatları və gecə növbələri ilə qarşılaşır. Xüsusilə tibb tələbələri, həkimlər və jurnalistlər üçün gecə oyaq qalmaq adi hala çevrilib. Lakin bu rejim insan sağlamlığına ciddi təsir göstərə bilər.
Həkim, professor Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, uzun müddət eyni iş rejimində çalışan insanlar zamanla bu rejimə uyğunlaşır və orqanizm adaptasiya olur:
“İş rejiminin sağlamlığa ciddi təsiri yoxdur, əgər bu rejim stabil qalırsa. Lakin tez-tez dəyişən və pozulan iş qrafiki yuxu rejiminin pozulmasına, nevrozların yaranmasına və sinir sistemində müxtəlif funksional xəstəliklərə yol aça bilər. Müasir dövrdə informasiya bolluğu və təhsil almaq zərurəti tələbələrin daha çox öyrənməsini tələb edir. Xüsusilə tibb təhsilində praktik fəaliyyət üçün əlavə vaxt ayrıldığından dərs saatları uzana bilər. Uzun dərs saatları və gecə növbələri bəzən qaçılmazdır. Lakin sağlam həyat tərzi ilə bu təsirləri minimuma endirmək mümkündür”.
Bənövşə Zahidli