Erkən yaşda çoxdilli təhsil: Faydalıdır, yoxsa çətinlik yaradır?

Tarix: 22:31 17.02.2025
Müasir dövrdə valideynlər övladlarının gələcəyini daha parlaq etmək üçün onları erkən yaşlardan müxtəlif dillərdə danışmağa təşviq edirlər. Bəziləri bunu uşağın intellektual inkişafına müsbət təsir kimi görür, digərləri isə çoxdilliliyin uşağın ana dilini mənimsəməsinə mane ola biləcəyindən narahatdır.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlər uşaqlarının dil öyrənmək istəyini dəstəkləsələr və kiçik yaşda dil öyrənmələri üçün imkan yaratsalar uşaqlar daha yaxşı nəticə əldə edərlər:
"Araşdırmalara görə əgər fiziki və psixoloji problemləri yoxdursa, uşaq 2 yaşından etibarən 4 dili eyni zamanda öyrənməyə başlaya bilər. Çünki ana dilində öyrəndiyi bir əşyanın başqa dildə adını da eyni zamanda öyrənir və beləliklə yaddaşına dərhal yazılır. Ona görə də 2-4 yaşlarında əcnəbi dil öyrənməyə başlamaq daha çox effektiv olur. Valideynlər uşaqlarının dil öyrənmək istəyini dəstəkləsələr və kiçik yaşda dil öyrənmələri üçün imkan yaratsalar uşaqlar daha yaxşı nəticə əldə edərlər. Üstəlik uşaqlar daha az yaşda olanda hər dilin qrammatik qaydalarını da kifayət qədər yaxşı öyrənir.
Uşaqlar dili əvvəlcə eşidərək, sonra təkrarlayaraq, daha sonra danışaraq öyrənirlər. Uşaqlara dil öyrətmək dərs öyrətmək demək deyil. Əgər çox kiçik uşaqlardan danışırıqsa vəziyyətin daha həssas olduğunu anlayırıq. Onu yormadan, bezdirmədən, sadə yollarla başlamaq lazımdır. Əcnəbi dillə paralel ana dilini onsuz da rahat öyrənir, çünki onun genetik kodlarında bu dilə uyğunluq var".
Sosioloq sözlərində uşaqlara dil öyrədəndə israr etmək, tələb etmək, məcbur etməyin düzgün olmadığını da vurğulayıb:
"Uşağa dil öyrədərkən bir şeyi nəzərə almaq lazımdır – biz özümüz də birdən-birə danışmamışıq, əvvəlcə hecalarla, sonra sözlərlə, lap axırda cümlələr quraraq dil öyrənmişik. Buna görə də uşaqlara dil öyrədəndə israr etmək, tələb etmək, məcbur etmək kimi təlqinlər etmək olmaz. Bütün hallarda çoxdilli olmaq üstünlükdür, həm gündəlik həyatında, həm də iş həyatında".
Aytac Mustafayeva