İkinci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı öz mövqeyini itirir

Tarix: 21:59 18.02.2025
Səudiyyə Ərəbistanında keçirilən bu görüş iki əsas beynəlxalq subyektin rəhbərlərinin görüşüdür və Səudiyyə Ərəbistanı burada vasitəçi rolunu oynamır. O, sadəcə görüş üçün platforma təqdim edir və hər iki tərəfin razılığı ilə seçim məhz bu ölkənin paytaxtına düşüb. Çünki orada sabitlik var. Digər tərəfdən, hər iki ölkənin Səudiyyə Ərəbistanı ilə münasibətlərində müsbət dinamika mövcuddur və belə məsələlər həmişə qarşılıqlı tərzdə həllini tapır.
Bu fikirləri "informator.az"a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, yeni siyasi və diplomatik qaydalara əsasən, əgər iki ölkə belə bir ölkədə görüşüb danışıqlar aparırsa, onlar protokol və siyasi etika qaydalarına uyğun olaraq yerli rəhbərliklə də görüşür, danışıqlar aparır, ikitərəfli və çoxtərəfli münasibətlərə nəzər salırlar:
"O ki qaldı bu prosesin özünə, əlbəttə ki, iki dövlətin rəhbərləri arasında geniş spektrə aid məsələlərin həlli diqqət mərkəzindədir. Çünki dünya birliyi demək olar ki, böyük gözləntilər içindədir. Köhnə qaydalar artıq çökür və bu zəmində xaos dərinləşir. Onun qarşısını almaq üçün iki əsas güc sahibinin razılığı ilə bir çox məsələlərə dair aydınlıq formalaşmalıdır. Əslində, indi gördüyümüz bu proses nədən xəbər verir? İlk növbədə, 1945-ci ilin Yalta Konfransının vida mərasimini xatırladır. Yəni İkinci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı öz mövqeyini itirir və onun dağıntıları üzərində yeni bir düzən yaranmaqdadır.
Hazırda beynəlxalq münasibətlərdə çox təzadlı, hətta gözlənilməz dəyişikliklər baş verir. Məsələn, kollektiv Qərb artıq demək olar ki, ciddi parçalanma mərhələsindədir. Tramp dövründə Amerika ayrı, Avropa İttifaqı isə ayrı hərəkət edəcək. Onların arasındakı çəkişmələr və soyuqluq göstərir ki, hər tərəf öz üstünlüklərini nəzərə alaraq hərəkət etməyə çalışacaq. Burada Donald Trampın Avropaya etinasız yanaşması da təsadüfi deyil. Çünki Avropa İttifaqı uzun illər Amerikanın çətiri altında idi və ABŞ bir çox xərcləri öz cibindən ödəyirdi. Avropa ölkələri isə bu vəziyyətdən sui-istifadə edərək müəyyən üstünlüklər əldə edirdilər. İndi isə Tramp açıq şəkildə bildirir ki, ABŞ artıq Avropanın yerinə ödənişlər etməyəcək. Hər kəs öz xərcini özü çəkməli və gələcəyini özü formalaşdırmalıdır. Bununla yanaşı, ABŞ siyasətini həm dəyişəcək, həm də islah edəcək. Əsas məqsəd iqtisadi sahədə müsbət saldo əldə etməkdir. Bunun üçün isə həm Çinə, həm Avropa ölkələrinə, həm də digər tərəfdaşlara yeni tariflərin tətbiqi nəzərdə tutulur".
Politoloqun sözlərinə görə, əsas müzakirə mövzuları Yaxın Şərqdəki, Sakit Okean bölgəsindəki vəziyyət, İranın nüvə proqramı və Ukrayna məsələsidir:
"Bu məsələlərə dair aydın mövqe formalaşdırılmalıdır. Əgər Moskva və Vaşinqtonun baxışları üst-üstə düşərsə, onda qlobal gərginlik dərəcəsi azalacaq.
Bayden dövründə biz gördük ki, ABŞ-nin liberal dairələri Rusiyanın mövqelərinə zərbə vurmağa çalışırdı. Ukrayna böhranında bu ölkəni silahlandırırdılar ki, münaqişələr səngiməsin və Rusiya zəifləsin. Lakin indi Tramp bu məsələyə fərqli yanaşır əksinə, Rusiya ilə münasibətləri daha strateji şəkildə qurmağa üstünlük verir. ABŞ iqtisadi baxımdan fövqəlgücdür, Rusiya isə nüvə potensialı baxımından bir nömrəli məmləkətdir. Onların qarşılıqlı etimadı dünya siyasətində mühüm rol oynaya bilər. Düşünürəm ki, yeni dünya nizamının formalaşmasında məhz bu iki dövlət həlledici mövqeyə sahib olacaq və bununla da münasib beynəlxalq rejim yarana bilər. Buna əlbəttə ki, ticari vəziyyət hazırdır.
Çin və Amerika münasibətləri yeni gərginlik mərhələsinə daxil ola bilər. Çünki Çinin iqtisadi gücü artmaqdadır və burada Amerika investisiyaları öz rolunu oynamışdır. ABŞ artıq başa düşür ki, Çinə yardım etməklə təhlükəli bir rəqib meydana çıxarıb. Çindən də tələb olunan odur ki, Amerikanın artırılmış tariflərini qəbul etsin və Vaşinqtonun istəklərinə müsbət cavab versin.
Bu görüşdən sonra iki tərəf arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyacağı ehtimal edilir. Hətta bəzi mənbələr Trampın Moskvada 9 may paradına qatılacağı barədə məlumat yayıb. Əgər bu baş verərsə, beynəlxalq münasibətlərdə yeni bir detant dövrü başlaya bilər. Detant fransız mənşəli bir termindir və gərginlikdən sonra sabitlik və aramlıq dövrünü ifadə edir. Dünya birliyi uzun müddətdir ki, yeni bir detantın baş verməsini gözləyir. İlk dəfə bu, 1970-ci illərdə baş verdi və Helsinki yekun aktına imza atıldıqdan sonra. Lakin detant öz mövqeyini itirdi, indi yeni bir mərhələdə bu yanaşmaya ehtiyac var.
Düşünürəm ki, həm Tramp, həm də Vladimir Putin bu zərurəti düzgün dərk edir və dünya birliyinə sabitlik və aramlıq gətirmək istəyirlər".
Elnurə Kərimova