Məşhurların tez-tez ziyarət etdiyi oteldə yanğına pizza sobası səbəb olub

Tarix: 22:08 18.02.2025
Londonda məşhurların sevimli məkanlarından biri olan dəbdəbəli oteldə baş verən yanğına pizza sobasından düşən yanan odun parçaları səbəb olub.
Merilebonda yerləşən Chiltern Firehouse otelində baş verən yanğın binanın bir hissəsini məhv edib. Bu otel bazar günü BAFTA Film Mükafatlarından sonra təşkil olunacaq partiyaya ev sahibliyi etməli idi.
London Yanğınsöndürmə Xidmətinin verdiyi məlumata görə, alov dörd mərtəbəli otelin havalandırma sistemindən yayılaraq birinci mərtəbənin bəzi hissələrinə və ikinci mərtəbənin yarısına ziyan vurub, üçüncü mərtəbəni və damı isə tamamilə məhv edib.
Yanğın xidmətinin rəsmi açıqlamasında bildirilib ki, yanğın təsadüfən, pizza sobasından düşən yanan odun parçalarının zirzəmi ilə birinci mərtəbə arasındakı boşluğu alovlandırması nəticəsində baş verib.
1880-ci illərdə keçmiş yanğınsöndürmə məntəqəsi kimi tikilmiş beşulduzlu otel, Londondakı Merilebon bölgəsində yerləşir.
London Yanğınsöndürmə Xidmətinin köməkçi komissarı Pol MakKort bildirib:
"Yanğınsöndürənlər çətin şəraitdə səkkiz saatdan çox müddətdə inanılmaz səylə çalışdılar. Tarixi əhəmiyyətə malik binada – keçmiş Mançester Meydanı Yanğınsöndürmə Stansiyasında mürəkkəb yanğınla üzləşən yanğınsöndürənlər alovu qonşu binalara yayılmadan nəzarət altına almağı bacardılar".
Hadisə zamanı təxminən 100 nəfər təxliyə edilib və xəsarət alan olmayıb.
Yanğını söndürmək üçün 120-dən çox yanğınsöndürən və 20 yanğınsöndürmə maşını hadisə yerinə cəlb olunub.
BBC
Nuray Qurbanlı