Zelenski istefa versə, Ukraynanın taleyi necə olacaq?-ŞƏRH

Tarix: 18:48 25.02.2025
Rusiya-Ukrayna müharibəsinin baş verməsinin əsas səbəblərindən biri Ukraynanın NATO-ya üzv olma niyyəti idi.
Bu fikirləri “İnformator.az”a politoloq Xəyal Bəşirov bildirib. Onun sözlərinə görə, NATO-nun Şərqə genişlənmə planını Ukrayna üzərindən həyata keçirməyə çalışması müharibənin alovlanmasına səbəb oldu:
“2022-ci ildə Rusiya Ukrayna ərazisinə daxil oldu. Ukraynanın NATO-ya üzv olmaq məqsədi ölkəni xüsusilə Rusiyanın hücumlarından qorumaq və təhlükəsizlik qarantiyası əldə etmək idi. Bu məqsəd, indiyə qədər Zelenskinin rəhbərliyi altında da davam edir”.
Politoloq qeyd edir ki, üç il ərzində V. Zelenskinin rəhbərliyi altında aparılan müharibənin nəticələri artıq özünü göstərməlidir:
“Əslində, bu müharibə yalnız tərəflər üçün deyil, Qərb ölkələri üçün də önəmli məsələlər yaratdı, məsələn, Rusiyanın hərbi və siyasi zəifləməsi. Rusiya isə bu müharibə ilə öz gücünü nümayiş etdirdi, NATO-nun genişlənmə planının qarşısını almağa çalışdı və Ukraynanın bəzi ərazilərinə nəzarət etdi. Ukraynanın ərazisinin 20%-i işğal altında qalıb, şəhərlərin böyük bir hissəsi dağılıb, ölkədən çoxsaylı insanlar qaçıb. Ukrayna iqtisadi, sosial və hərbi sahələrdə olduqca zəifləyib”.
X.Bəşirovun sözlərinə görə, Ukrayna əhalisi hələ də Zelenskidən müsbət irəliləyiş gözləyir:
“Lakin hazırkı vəziyyətdə Zelenskinin Ukraynanın NATO-ya üzv qəbul olunması müqabilində prezidentlikdən istefa verməsi, ölkənin qalan ərazilərinin təhlükəsizliyini təmin etməyə yönəlik bir addım ola bilər. NATO-ya üzv olan ölkə, NATO-nun gücündən faydalanaraq ərazilərini işğaldan azad etmək və gücünü artırmaq imkanına sahibdir”.
Şərhçi sonda əlavə edir ki, Ukraynanın NATO-ya üzv olması, Zelenskinin imici baxımından da mühüm əhəmiyyət daşıyır:
“Müharibədə uduzan tərəf kimi görünən bir ölkənin NATO-ya qəbul edilməsi, həm xalqın, həm də beynəlxalq ictimaiyyətin gözündə böyük bir uğur olaraq dəyərləndirilə bilər. Zelenskinin belə bir addım atması, həm daxili siyasət, həm də beynəlxalq münasibətlər baxımından Ukraynanın gələcəyinə mühüm təsir göstərə bilər”, - deyə ekspert yekunlaşdırıb.
Xədicə Bayramlı