Pakistan ilə tərəfdaşlıq sazişi imzalanacaq

Bölmə: Siyasət › ,
Tarix: 21:45 25.02.2025

BMT Təhlükəsizlik Şurasında (TŞ) 1993-cü ildə ilk qətnamə qəbul ediləndə Pakistanın TŞ-də sədr olması Azərbaycanın haqq səsinin eşidilməsində mühüm rol oynayıb. Eyni zamanda, Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaqdan imtina etməsi də ölkələrimiz arasındakı münasibətin səviyyəsini nümayiş etdirib.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında çox səmimi, şəffaf və möhkəm əlaqələr var:

 

"Davamlı olaraq bu əlaqələr inkişaf edir. Pakistan eyni zamanda qardaş Türkiyə Cümhuriyyəti ilə də eyni münasibətlərə malikdir. Bu da aramızdakı yaxınlaşmanı daha da gücləndirir və etibarlı edir. Bu üç dövlət qədər bəlkə də dünyada yaxın, müttəfiq və etibarlı tərəfdaş yoxdur. Hər iki ölkə arasında bir çox sahədə sazişlər və müqavilələr mövcuddur. İqtisadi-ticarət, hərbi-sənaye və mədəni əlaqələr məhz bu sazişlər nəticəsində yüksək səviyyəyə çatır. Birgə hərbi təlimlər keçirilir. Pakistan hərbi sənayedə kifayət qədər inkişaf etmiş müsəlman ölkəsidir. Bu sahədə əlaqələr vacibdir. Hətta turizm sahəsində yeni layihələrə ehtiyac var.

 

Pakistan Hindistanla Kəşmir problemini yaşayır və Azərbaycan həmişə Pakistanı dəstəkləyib. Eyni zamanda, Pakistan da Ermənistanı dövlət kimi tanımamaqla yanaşı, Azərbaycanı dəstəkləyib və indi də buna davam edir. Ermənistanın Hindistandan öldürücü silahlar alması məlumdur. Bunun qarşılığında bizim də qardaş Pakistan dövləti ilə daha sıx münasibətlər qurmağa, silah sənayesini inkişaf etdirməyə və bu sahədə tələbləri artırmağa haqqımız var. Yeni imzalanmış saziş hər iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdıracaq və qarşılıqlı ticarət əlaqələri, iqtisadi layihələr, ortaq maraqlar çərçivəsində inkişaf edəcək.

 

Pakistanla Azərbaycan arasında ticarət əlaqələrinin artırılması üçün Azərbaycan kifayət qədər səylər göstərir. Bu sazişdən sonra hesab edirəm ki, Pakistan tərəfi də daha səmərəli addımlar atacaqdır. Turizm sahəsi inkişaf etməlidir. Son dövrlərdə Pakistandan Azərbaycana səfərlərin sayı artıb. Bu səfərlər qarşılıqlı şəkildə Azərbaycandan da Pakistana davamlı olmalıdır. İş adamları və şirkətlər ticarət artımına təkan verə bilər. Davamlı ticarət əlaqələri təkcə dövlət səviyyəsində deyil, həm də özəl şirkətlər, şəxslər və iş adamları vasitəsilə artmalıdır. Ticarət dövriyyəsini artırmaq, yeni layihələr üzərində işləmək və təkliflər hazırlamaq lazımdır. Dövlət bu sazişlə yeni imkanlar açır".

 

Mütəxəssis sonda əlavə edib ki, Pakistan Zəngəzur dəhlizinin açılmasını həm dəstəkləyir, həm də bunda maraqlıdır. Çünki sözügedən dəhliz vasitəsilə Pakistan da öz ticarət əlaqələrini genişləndirə, iqtisadi və digər sahələrdə Türkiyə və digər ölkələrlə səmərəli layihələrə qoşula bilər:

 

"Hər bir halda Pakistanla Azərbaycan arasındakı əlaqələrin inkişaf perspektivləri davamlı nəzərdən keçirilməli və ən yüksək səviyyədə inkişaf etdirilməlidir. Nüvə dövləti olaraq Pakistanla yaxınlıq və dostluq münasibətlərimiz, regionda bizi sıxmaq istəyən güclərə qarşı da böyük dayaq nöqtəsidir ".


Aygün Babayeva