Azərbaycanın Suriyadakı səfirliyi bərpa edildi

Bölmə: Siyasət › ,
Tarix: 21:32 25.02.2025

İranın “Mehr News” xəbər portalı Azərbaycan Respublikasının 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi barədə xəbər yayıb. Mənbə qeyd edir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

 

Suriyanın keçid dövrü hökuməti ilə Azərbaycan arasında normal münasibətlər qurula biləcəkmi?

 

Mövzu ilə bağlı “İnformator.aza açıqlamasında siyasi şərhçi Hacıbəy Heydərli bildirib ki, Azərbaycan xarici siyasətdə bütün dövlətlərlə olduğu kimi, Suriya ilə də dostluq və əməkdaşlığa önəm verir:

 

“Bəşər Əsəd dövründə Suriya ilə münasibətlərimizdə soyuqluq müşahidə olunurdu. Onun devrilməsindən sonra hakimiyyətə gələn yeni qüvvələrlə əməkdaşlıq qurulması, eyni zamanda orada səfirliyin yenidən bərpası, Azərbaycan-Suriya sosial, iqtisadi və mədəni münasibətlərinin bərpası baxımından çox önəmlidir. Çünki Suriya strateji baxımdan mühüm dövlətdir. Eləcə də, Suriya müvəqqəti hökuməti qonşu ölkələrlə münasibətlərə də önəm verir. Azərbaycanla diplomatik əlaqələrin bərpa olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regionda və dünya siyasətində mühüm faktorlardan birinə çevrilib. Buna görə də, Azərbaycanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir”.

 

Fidan Fərhad