Xocalı: İnsanlığa Qarşı Cinayət

Bölmə: Sosial › ,
Tarix: 20:19 25.02.2025

1992-ci ilin fevral ayında, Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağdakı erməni separatçıları Xocalıya qarşı hücuma başladılar. Şəhərdəkilər əvvəlcədən bu hücumdan xəbərdar deyildilər və çoxu qaçmaq üçün hazırlıq görmədi. 25 fevral gecəsi, erməni qüvvələri Xocalıya güclü bir hücum həyata keçirdilər. Bu hücum zamanı, şəhər sakinləri qaçmağa çalışdılar, lakin erməni silahlı qüvvələri şəhəri mühasirəyə aldılar.

 

Xocalı faciəsi, 613 nəfər Azərbaycan vətəndaşının həyatına son qoyub. Bunlar arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan da vardı. Ən dəhşətli tərəfi, bu faciədə erməni qüvvələrinin çox sayda insanı amansızcasına öldürməsi və işgəncə etməsidir. Xocalıdakı insanlar, həmçinin zorakılıq, cəsədlərin təhqir edilməsi, evlərin yandırılması və digər qəddar hərəkətlərə məruz qaldılar.

 

Xocalı faciəsi zamanı 1275 nəfər insan əsir götürülüb və bir çoxu ağır işgəncələrə məruz qalıb. Bir çox əsir itkin düşüb, onların aqibəti hələ də bəlli deyil.

 

Xocalı faciəsinin şahidi olan, Zeynalova Səadət “informator.az”a müsahibəsində deyib:

 

“ 25 fevral gecəsi mən Xocalıda idim. Xocalıdan çıxmaq üçün meşəyə üz tutduq. 366-cı alay erməni seperatçıları və ruslar bizim kəndimizə hücum etdi. 5 gün meşədə qaldıq. 2 Mart qardaşım Zeynalov Qədirlə meşədən çıxmağı bacardıq. Meşədə 250-dən çox adam var idi, lakin onlardan yalnız 27 nəfəri qurtuldu”.

 

Səadət xanım bildirib ki, Ermənilər azərbaycanca danışaraq, Xocalı sakinlərini Azərbaycanlı olduqlarına inandırırdılar:

 

“Ermənilər bizimlə azərbaycanca danışıb, onların Ağdamdan bizləri xilas etmək üçün gəldiklərini deyirdilər. Azərbaycanlıları bu yollarla girov götürürdülər.

Mənim xalam qızı Aslanova Elnarə 15 yaşında girov düşüb və biz hələ də ondan xəbər ala bilmirik .Biz bu dəhşətli gecədən hər danışanda o günlər yadımıza düşür. O qorxu ,stress, həyəcan bizdə hələ də davam edir. Hazırda cənab Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə Xocalımız bizdədir və biz öz ata-baba torpaqlarımıza qovuşmuşuq”,- deyə müsahib sözlərini yekunlaşdırıb.

 

XOCALINI UNUTMADIQ, UNUTMARIQ, UNUTDURMARIQ!

 

Asiman Vəliyeva