Uşaqlar üçün səmərəli verilişlər necə hazırlanmalıdır?-AÇIQLAMA

Bölmə: MEDİA › ,
Tarix: 23:04 25.02.2025

Müasir uşaqlar təkcə əyləncəyə deyil, mehriban və səmimi məzmuna ehtiyac duyurlar.


Bu fikirləri “İnformator.az”a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, bu gün rəqəmsallaşma, multiplatforma, konvergensiya və interaktivlik medianın əsas istiqamətləridir:
“Ənənəvi informasiya vasitələrinə alternativ olaraq telefonlar və planşetlər sürətli informasiya əldə etmək imkanı yaradır. Televiziya və radio yayımında da ciddi dəyişikliklər gedir. İnteraktivlik artır, izləyicilər yayıma fəal şəkildə qoşulur, fikir bildirir və aparıcılarla müzakirə aparırlar”.


Sevinc Məmmədova bildirir ki, radio və televiziya tarixində uşaqlar, məktəblilər və gənclər üçün hazırlanan proqramlar mühüm yer tutub:
“Uşaq verilişləri sadəcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin dəyərlərini, texnologiyanı və uşaqlara münasibəti əks etdirən dövrün güzgüsüdür. Müasir uşaqlar rəqəmsal dünyada böyüyürlər. Onlar istədikləri məzmuna sərbəst şəkildə çıxış edə bilir və öz maraqlarına uyğun kontent seçirlər”.


Sevinc Məmmədovanın sözlərinə görə, yeni texnologiyalar uşaqlara istənilən vaxt və məkanda istədikləri məzmuna çıxış imkanı verir:
“Bu baxımdan, ənənəvi televiziya və radio proqramları onların marağını getdikcə daha az cəlb edir”.


Sevinc Məmmədova uşaq verilişlərinin əhəmiyyətini də ön plana çəkib:
“Uşaq verilişlərinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Çünki müasir uşaqlar təkcə əyləncə deyil, həm də yüksək keyfiyyətli, mehriban və səmimi məzmuna, düzgün sözə ehtiyac duyurlar. Müasir uşaq proqramlarının formatları müxtəlifdir”.


S.Məmmədova bildirir ki, innovativ yanaşmalar və interaktiv elementlər auditoriyanın marağını cəlb edir:
“Xüsusilə təhsil sahəsində audioformatın əhəmiyyəti artır. Məsələn, uşaq podkastları xarici dil öyrənən, eşitmə ilə informasiya qəbul edən və əlilliyi olan uşaqlar üçün böyük imkanlar yaradır. Bu verilişlər təxəyyülü və yaradıcılığı stimullaşdırır, onların təhsili və inkişafı üçün yeni platforma rolunu oynaya bilər. Uşaq auditoriyasına uyğun məzmun hazırlanarkən müasir tendensiyalar nəzərə alınmalı, eyni zamanda verilişlərin maliyyələşdirilməsi məsələləri də diqqətdən kənarda qalmamalıdır”.


Ekspert həmçinin müxtəlif dövrlərdə uşaqların dünyagörüşünü formalaşdıran maraqlı televiziya və radio proqramlarından da söz açıb:
“Xüsusilə ailə, uşaq və valideyn münasibətlərini əks etdirən verilişlər uzun müddət tamaşaçıların yaddaşında qalıb. Bu gün isə müasir yanaşmalarla daha maraqlı və əyləncəli layihələr hazırlamaq mümkündür”.


Sevinc Məmmədovanın fikrincə, müasir uşaqlar virtual aləmə daha çox bağlıdırlar və onların maraqları dəyişib:
“Müasir uşaqlar üçün əsas bilik mənbəyi təkcə kitablar deyil, həm də videodərslər, podkastlar, interaktiv proqramlar və sosial media platformalarıdır”.


Ekspert sonda səmərəli uşaq verilişlərinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb:
“Səmərəli uşaq verilişləri təkcə bilik öyrətməli deyil, həm də gündəlik qayğılardan və stresdən uzaqlaşdırmalı, analitik təfəkkürün inkişafına kömək etməlidir. Ən əsası isə uşaqlara həssas və xeyirxah yanaşmaq, onların ehtiyaclarını nəzərə almaq lazımdır”, - deyə müsahib yekunlaşdırıb.

 

Aysel Mübarizqızı