“Ailənin davranışı çox mühümdür, çünki övlad buradan yola çıxır” -PSİXOLOQ

Tarix: 21:14 25.02.2025
Son illərdə uşaqlar arasında asosial davranışların artması valideynləri və mütəxəssisləri narahat edir. Uşaqların daha çox virtual dünyaya bağlanması, sosial bacarıqların yetərincə inkişaf etməməsi və real ünsiyyətdən uzaqlaşması bu problemin əsas səbəbləri kimi göstərilir.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, mən düşünürəm ki, son zamanlar dəbdə olan ‘asosial’ və ya ‘sosiallaşmış uşaqlar’ terminləri daha çox gündəmə gəldi, daha çox diqqətimizi cəlb etməyə başladı:
“Ümumiyyətlə, sosial bacarıqlar insanın cəmiyyətdə ünsiyyəti, davranışı, fəaliyyət metodları, seçimləri – yəni cəmiyyət içində yaratdığı bir obrazdır. İnsan o zaman sosial olur ki, yaşadığı mühitlə daim qarşılıqlı əməkdaşlıqda olsun. Asosiallıq dedikdə bizim nəzərdə tutduğumuz insanın az ünsiyyətdə olmasıdır. Əslində, asosiallıq bu deyil. Asosiallıq – olduğun cəmiyyətə, koordinatına uyğun olmadığını hesab etməyin, olduğun cəmiyyətdən qaçmaq istəyin və adaptasiya probleminin olmasıdır.
Ümumiyyətlə, uşaqlar dünyaya gəlməmişdən əvvəl, ana bətnində olduğu zaman cəmiyyətə və ətraf mühitə münasibəti formalaşır. Bu münasibət ana bətnində olarkən ananın düşüncələri ilə səciyyələnir. Ana uşağı bətnində daşıdığı zaman cəmiyyətə qarşı hansı düşüncədədirsə, istər-istəməz uşaq da onları hiss edir və bu münasibət onunla birlikdə dünyaya gəlir. Bu, birinci mərhələdir. İkinci mərhələ isə uşağın böyüdüyü ailə mühitidir. Ailənin obrazı, davranışı, rəftarı çox mühümdür, çünki hər bir övlad buradan yola çıxır və bunları təkrarlayır. Buna görə də əgər uşaq az ünsiyyətcildirsə, cəmiyyət içində rolunu tapa bilmirsə, özünü cəmiyyətə yad hiss edirsə, bu, daha çox ailə ilə bağlıdır.
Çox hallarda valideynlərin övladlarını təhlükədən qorumaq üçün istifadə etdiyi ‘Səni əzərlər’, ‘Heç kimə güvənmə’, ‘Səni incidə bilərlər’ kimi ifadələr uşaqların yaşıdları ilə arasında sərhəd yaradır və onları asosiallaşdırır. Əgər övladınız asosialdırsa, burada valideynin rolu ən azı 80-90%-dir”.
Əsmər Bəşirova