Xocalı: Qəlblərdə Sönməyən Atəş

Tarix: 21:14 25.02.2025
25 fevral, 14:00-da BDU-da “BDU Könüllüləri” təşkilatının Ekologiya və Torpaqşünaslıq, Sosial Elmlər və Psixologiya, Kimya, İnformasiya və Sənəd Menecmenti, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Xocalı: Qəlblərdə Sönməyən Atəş” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra isə hər tədbirimizdə olduğu kimi şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açıq elan etmək üçün söz Sosial Elmlər və Psixologiya Fakültəsinin dekanı Rövşən Cavadova verildi.
Rövşən Cavadov öz nitqində Xocalı faciəsindən, bu faciənin səbəb və nəticələrindən danışıb. O, bildirib ki, bir cəmiyyətdə ki, insanlardan alət kimi istifadə olunur, deməli, o cəmiyyət mənəviyyatsızdır:
"Həm alət kimi istifadə olunanlar, həm də alətə çevirənlər mənəviyyatsızdır. Ermənilər mənəviyyatsızdır. Lakin onlara dəstək verən, onları alət kimi istifadə edənlər, onlardan daha da mənəviyyatsızdır. Psixologiyada belə bir xüsusiyyət var ki, insan çalışır ki, qazansın. Amma bu qazancda qeyri-normal yollar varsa, deməli, bu heç bir mənəviyyata sığışmır.
Vaxt gələcək, bu işlərin içində olan hər kəs aynada öz əksinə baxacaq. Və o aynada mənəviyyatsız, əxlaqsız insan görənlərə yazıqlar olsun!"
Dekan, həmçinin bildirib ki, o vaxt o mənzərələrin canlı şahidi olub və sadəcə dəhşətə gəlib...
Saysız-hesabsız lazım olan tabutlar, hətta hazırlanması belə çatdırılmayacaq qədər çox lazım olan tabutlar...
Sonra isə Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinin dekanı Ələkbər Əliyevə söz verilib. O da çıxışında Xocalı faciəsi haqqında danışıb. Ondan əvvəl bu xalqın başına gələn faciələri bir daha xatırladıb və bildirib ki, biz bu faciələri unutmuruq, unutmayacağıq.
Daha sonra "Ekologiya və Torpaqşünaslıq" fakültəsinin dekanı Akif Ağbabalı çıxış edib. O, öz nitqində ilk olaraq bu tədbir üçün BDU könüllülərinə təşəkkür edib. Daha sonra çıxışını keçən gün, yəni 24 fevralda Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu, Bakı Dövlət Universiteti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərlə “Reza Deqatinin Gözündə Xocalı Soyqırımı” adlı tədbirin keçirilməsi ilə əlaqələndirib. Və bildirib ki, həmin tədbirdə Reza Deqatinin şəxsi müəllifi olduğu fotolar nümayiş etdirilib. O fotolar o qədər insanlığa yaraşmayan, qəddar, vəhşicəsinə edilən işgəncələri özündə birləşdirib ki, hətta insanların emosional səviyyəsini nəzərə alaraq bəzi fotolar kiçik fonda nümayiş olunub. Və həmin tədbirdə bəhs edilən hadisələrdən də dekan biz iştirakçılara danışdı. Son olaraq isə dekan gənclərə bildirdi ki, birlik olsunlar, güclü olsunlar və mənfur düşmənlərimizə cəsarətlənməyə bu birliyimiz şərait yaratmasın.
Sonra isə bu təşkilatçı fakültə könüllülərindən iki tələbə "Xocalı"ya aid şeirlər səsləndirib. Xocalı faciəsindən sonra cəsədi tapılan, amma adı bəlli olmayan körpənin timsalında şəhidlərimizi və o hadisələri yad etmək üçün videoçarx izlənilib. Videonun sonunda belə bir nəticə çıxır ki, bu hadisələrdə şəhadətə qovuşan hər kəs bu xalqın balasıdır.
Sonda isə Çingiz Mustafayevin "Şəhid arzusu" mahnısı canlı olaraq Lin-orph musiqi klubunun üzvləri Nigar Rəhimova və Ülvi Şirinovun ifasında səsləndirilib.
Nigar Həsənzadə