Buzları əritmək təşəbbüsü

Bölmə: Siyasət › ,
Tarix: 22:36 17.03.2025

"Rusiya Azərbaycanla buzları əritmək istəyir. Martın 15-də Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevi Moskvaya, 9 May paradına dəvət etməsi bu baxımdan diqqət çəkir".

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.

 

Onun sözlərinə görə, ikinci vacib məqam Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun martın 16-da Azərbaycana rəsmi səfərə gəlməsidir:

 

"Əvvəlcə qeyd edək ki, Azərbaycanla Rusiya arasında gərginlik davam edir. Xüsusilə Kreml Bakının tələblərinin bir çoxunu yerinə yetirməyib. Açıq qalan suallar çoxdur. Bununla belə, gərginliyin uzun müddət davam etməyəcəyi bəllidir. Azərbaycan-İran və ya Azərbaycan-Rusiya münasibətləri hər zaman dalğalı olub. Hər iki ölkə vaxtaşırı Bakıya diş göstərməyə və ya təzyiq etməyə çalışıb. Lakin şərtlər və reallıqlar əsaslı şəkildə dəyişib. Azərbaycan artıq zəif deyil və yeri gəldikdə böyük dövlətlərə adekvat cavab verir. Azərbaycan üçün regionda və dünyada əməkdaşlıq və sülh mühüm prioritetdir".

 

Politoloq bildirib ki, dəyişən geosiyasi şərtlər fonunda Bakı şimal və cənub qonşuları ilə gərginliyi davam etdirmək istəmir:

 

"Ən önəmlisi odur ki, Rusiya normallaşmaq üçün addım atır və Bakının buna cavab verməsi başadüşüləndir. Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də bu baxımdan diqqət çəkir.
Putinin İlham Əliyevi Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət etməsi və dövlət başçısının bu dəvəti qəbul etməsi Bakının da normallaşmada maraqlı olduğunu deməyə əsas verir".

Türkan Kərimli