Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı

Tarix: 22:24 17.03.2025
Yazıçı, publisist, ədəbiyyat və tariximizdə böyük töhfələri ilə iz qoyan Cəlil Məmmədquluzadənin banisi olduğu “Molla Nəsrəddin” jurnalı yarandığı gündən — 1906-cı ildən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.
Bunun bir neçə səbəbi var idi. Birincisi, jurnalın ilk sayında yazılan “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” ifadəsində böyük məram vardı.
Xalq elə ilk gündən Molla Nəsrəddinin ona nə demək istədiyi ilə maraqlandı. Ə.Haqverdiyev yazır: “Birinci nömrə may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında böyük rezonans doğurdu... Jurnalın Şuşa əhalisinə təsirini qələm təsvir etməkdə acizdir”.
Mirzə Cəlil etiraf edir ki, “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
Bu etirafda təkcə tarixi həqiqət yox, həm də böyük bir vətəndaş ziyalının səmimiyyəti vardır.
“Molla Nəsrəddin” Azərbaycan tarixinin ən mühüm dövründə — dünyanı lərzəyə gətirib 1905-1907-ci illər xalq inqilabı dövründə yaranıb. Mirzə Cəlil tarixin gedişatını doğru təyin edib, XX əsrin əvvəllərində başlanan milli intibahın belə bir jurnala ehtiyacı olduğunu duya bilib.Bunu da yenə məhz Mirzə Cəlil özü hamıdan əvvəl, hamıdan dəqiq ifadə edərək yazırdı:
“Molla Nəsrəddini təbiət özü yaratdı, zəmanə özü yaratdı... Onun birinci nömrəsi nəşr olunan gündən qısa müddətdə nəinki Qafqaz müsəlmanlarının içində, hətta Yaxın Şərqdə şöhrət tapdı”.
Jurnalın səhifələrində Azərbaycan haqqında ən böyük milli-tarixi həqiqətlər əks olunurdu. O, ana dili uğrunda mübarizənin başında dayandı, ana dilində yazmağın və danışmağın əhəmiyyəti ilk səhifələrdən məlum idi.
“Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirdi.
“Ey mənim müsəlman qardaşlarım, zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər "xaxa" edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.
XX əsrin ən görkəmli şəxsiyyətləri — M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı, F.B.Köçərli “Molla Nəsrəddin” haqqında çox dəyərli mülahizələr söyləyiblər.
Mirzə Cəlil və “Molla Nəsrəddin” yeni quruluşun eybəcər təşkilatı olan “Mübariz Allahsızlar İttifaqı”nın orqanı olmaqdan imtina edərək, 1921-ci ildə Təbrizə gedib.
Azərbaycan Maarif Komissarı D.Bünyadzadənin I Ümumazərbaycan Şuralar Qurultayındakı (1921-ci il, fevral) çıxışında deyilir:
“Yəqin sizlərin çoxunun xatirindədir. Bir neçə il bundan əvvəl, hələ Çar II Nikolay dövründə “Molla Nəsrəddin” jurnalı nəşr edilirdi. O jurnalın redaktoru İrandadır. Biz onun Bakıya qayıtması üçün tədbirlər görmüşük”.
Az sonra Mirzə Cəlil Bakıya qayıtdı. Fəqət bu qayıdışdan sonra o, çətin günlər yaşadı. Əgər 1933-cü ildə vəfat etməsəydi, onun mübarək adı 1937-ci il repressiya qurbanlarının siyahısında birinci yerdə dayanacaqdı.
Fatimə Şahverdiyeva