Qanunsuz estetik cərrahiyyənin təhlükələri

Tarix: 22:16 17.03.2025
Son illərdə estetik əməliyyatların populyarlaşması ilə paralel olaraq, qanunsuz plastik cərrahiyyə fəaliyyətlərinin artması ciddi narahatlığa səbəb olur. Sosial mediada yayılan estetik əməliyyat reklamları və ucuz qiymət təklifləri bəzən insanları qanuni və peşəkar həkimlərdən uzaqlaşdırır, onları qeyri-rəsmi əməliyyatlar üçün riskli seçimlər etməyə sövq edir.
Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, estetik əməliyyat aparmaq üçün ayrıca lisenziya tələb olunur:
"Məsələn, bir həkim başqa bir sahə üzrə cərrahdırsa, amma estetik əməliyyat aparırsa, bu artıq qanunvericiliyin pozulmasıdır. Burun əməliyyatı keçirən həkim damarı zədələyə və həmin insanı iflic edə bilər. Belə həkim ümumiyyətlə həkimlikdən uzaqlaşdırıla və külli miqdarda cərimələnə bilər.
Mütəxəssis olmayan həkimlərin həyata keçirdiyi estetik əməliyyatların hansı təhlükələrə yol açması məsələsinə gəldikdə, bununla bağlı dəfələrlə məhkəmə predmetinə çevrilmiş işlər olub, istintaq orqanlarında araşdırmalar aparılıb. Son dövrlərdə mətbuatda da bu məsələlərə yer verilib. Yəni, estetik cərrahiyyə ilə əlaqəsi olmayan həkimlərin estetik əməliyyatlar aparması daha fəsadlı olur. Çünki əməliyyatdan sonra həmin şəxslərin sağlamlığında bir çox problemlər yaranır.
Məsələn, öz təcrübəmdən bir nümunə gətirə bilərəm: dəfələrlə bununla bağlı cərraha və ya həmin klinikaya qarşı məhkəmə işi olub. Dəymiş maddi və mənəvi ziyanla bağlı təzminat məsələsi öz həllini tapıb. İstintaq orqanı məsələləri araşdırır və əgər həqiqətən belə bir hal baş veribsə, həmin həkim cinayət məsuliyyəti daşıyır.
Qanunsuz plastik cərrahiyyə cəmiyyət üçün hansı təhlükələri yaradır məsələsinə gəldikdə isə sizə maraqlı bir fakt deyim: “Uşaq bağçalarına və ya məktəblərə gedirsiniz, görürsünüz ki, uşaq bəlkə də bir az çirkin görünür, amma anası çox gözəldir, atası isə yaraşıqlı bir bəydir. Uşaq psixoloji travma yaşaya bilər. "Anam gözəldir, atam yaraşıqlıdır, amma mən çirkinəm" düşüncəsi ilə qarşılaşa bilər. Sonradan məlum olur ki, anası və atası estetik əməliyyat keçirib.
Yəni, mən estetik əməliyyatın əleyhinə deyiləm. İnsanlar özlərini narahat hiss etdikdə əməliyyat keçirə bilərlər, amma bu, normanı keçməməlidir. Bu gün şəhərə çıxsanız, 60-70% qadının bir-birinə oxşadığını görərsiniz. Gözəlləşmək istəyirlər, amma o gözəlləşmə ilə təbiiliklərini itirirlər".
Hüquqşünas sonda qeyd edib ki, qanunsuz estetik əməliyyatların cəmiyyətdə yaratdığı təhlükələr ciddi narahatlığa səbəb olur:
"Mütəxəssis olmayan həkimlərin bu sahədə fəaliyyət göstərməsi yalnız fiziki deyil, həm də psixoloji zərərlərə yol açır. Estetik əməliyyatların düzgün həyata keçirilməsi üçün müvafiq təhsil və lisenziya tələb olunur. Cəmiyyətin sağlamlığını qorumaq və qeyri-qanuni fəaliyyətin qarşısını almaq üçün ciddi qanunvericilik tədbirləri və nəzarət mexanizmləri zəruridir. İnsanlar estetik əməliyyatlara qərar verməzdən əvvəl mütəxəssis həkimlərə müraciət etməli və bu qərarı təhlükəsiz şəkildə qəbul etməlidirlər".
Aytən Ağazadə