Ürək xəstəlikləri gəncləşir: Səbəblər və çıxış yolları

Bölmə: Sosial › ,
Tarix: 20:57 25.04.2025

Son illər ürək-damar xəstəlikləri əvvəlki illərlə müqayisədə daha gənc yaş qruplarında müşahidə olunmağa başlayıb.

 

Hipertoniya, infarkt, aritmiya və ürək çatışmazlığı artıq yalnız yaşlıların deyil, gənclərin də sağlamlığına ciddi təhlükə yaradır. Bu narahatedici tendensiyanın səbəbləri arasında oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, xroniki stress və fiziki passivlik əsas rol oynayır.

 

Bu məsələ ilə bağlı kardioloq Gülanə Ağayeva “İnformator.az”a açıqlamasında bildirib ki, oturaq həyat tərzi gündəlik rutinimizin bir parçası olduğu üçün ürək-damar xəstəliklərinə meyilliliyi artırır:

 

"Statistika göstərir ki, son dövrlərdə ürək-damar xəstəlikləri gənc yaş qrupları arasında daha çox müşahidə olunmağa başlayıb. Bunun əsas səbəblərindən biri zərərli vərdişlərdir. Çox təəssüf ki, son illər zərərli vərdişlərdən sayılan siqaret çəkmək, enerji içkilərindən istifadə və yüksək miqdarda alkoqollu içkilərin qəbulu gənclər arasında geniş yayılıb. Oturaq həyat tərzi gündəlik yaşamımızın bir hissəsinə çevrildiyindən ürək-damar xəstəliklərinə meyillilik daha da artır.

 

Əgər nəzərə alsaq ki, bu xəstəliklərin yaranmasında əsas risk amili irsi faktorlardır, həmin risklərə qeyri-sağlam həyat tərzi də əlavə olunduqda damar tutulmaları qaçılmaz olur. Ən çox diqqət edilməli simptomlar sinə nahiyəsində ağrı və tənginəfəslikdir. Əgər fiziki aktivlik zamanı sinə nahiyəsində ağrı və ya tənginəfəslik hiss olunursa, bu, ürək-damar problemi ola bilər və dərhal həkimə müraciət edilməlidir.

Ümumiyyətlə, 35 yaşdan sonra bütün şəxslərə – risk faktorları olmasa belə – ən azı 5 ildən bir kardioloq müayinəsindən keçmək tövsiyə edilir. Həmçinin hər kəsin 30 yaşdan sonra xolesterin səviyyələrini yoxlatması vacibdir. Çünki yüksək xolesterin dəyərləri olan şəxsləri öncədən müşahidə altına alır, onların profilaktikasını aparırıq. Ən vacib amil sağlam həyat tərzinin qorunmasıdır. Sağlam həyat tərzinin təmin edilməsi, zərərli vərdişlərin azaldılması və fiziki aktivliyin artırılması ürək-damar xəstəliklərinin əsas profilaktik tədbirləridir".

 

Xədicə Məhərrəmli