Qısa və qeyri-sabit yuxu piylənmə riskini artırır!

Tarix: 21:01 25.04.2025
Futszyan Tibb Universitetinin (ÇXR) mütəxəssisləri müəyyən ediblər ki, qısa və qeyri-sabit yuxu piylənmə riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Tədqiqatçılar ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Müayinəsinin materiallarından istifadə ediblər.
Məlum olub ki, pis yuxu rejimi olan insanlarda piylənmə ehtimalı keyfiyyətli dincələnlərlə müqayisədə 41% daha yüksəkdir. Bu təsir cins, yaş, təhsil səviyyəsi və digər amillərdən asılı olmayaraq qalırdı. Bununla yanaşı, piylənmə riski təkcə gecə yuxusunun çatışmazlığında deyil, həm də qeyri-müntəzəm qrafiki və gec yatmaq vərdişi olan insanlarda da artırdı.
Bu məsələ ilə bağlı professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, mütəmadi olaraq yalnız gecə və ya yalnız gündüz rejimi ilə yaşayan şəxslərin adaptasiya imkanları zəifləyir:
“İnsanların bütün həyat problemləri beyinlərinin dayanma və ayılma mərhələlərində müəyyən bioritmlərlə tənzim olunur. Məsələn, olduğun zonadan başqa bir vaxt qurşağına gedəndə oraya adaptasiya tələb olunur. İş rejimi də bu cürdür: daim gecə növbəsində işləyən şəxslər zamanla bu rejimə öyrəşirlər. Lakin rejimlər arasında tez-tez dəyişiklik edən şəxslərin adaptasiya imkanları azalır. Nəticədə yuxu pozuntuları, əsəb sarsıntıları müşahidə edilir. Yuxunun normal və kifayət qədər olmaması beynin tam istirahət etməməsinə, bu isə öz növbəsində beyindəki resursların tükənməsinə, stressin yaranmasına və müdafiə mexanizmlərinin zəifləməsinə səbəb ola bilər. Bu zaman maddələr mübadiləsində pozuntular baş verir. Piylənmə, arıqlama kimi müxtəlif problemlər müşahidə oluna bilər. Sinir sistemində ləngimə və oyanma balansının pozulması da orqanizmdə özünü göstərir.
Hər kəsə tövsiyə olunur ki, beyin mütləq istirahət etməlidir. Müəyyən fiziki və ya intellektual fəaliyyətdən sonra istirahət təmin olunarsa, orqanizm bu adaptasiya imkanlarından istifadə edərək bu vəziyyətin öhdəsindən gələ bilər".
Xədicə Məhərrəmli