İtaliyanın “Eni” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 19:25 06.05.2025

İtaliyanın “Eni S.p.A” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, bu münasibətlər və bu istiqamətdə qurulan ticarət əlaqələri ölkəmizin beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərir:

 

"Azərbaycan və İtaliya arasında ciddi əməkdaşlıq və strateji tərəfdaşlıq mövcuddur. Azərbaycanın neft-qaz məhsullarının əsas alıcılarından biri məhz Avropa və xüsusilə İtaliyadır. Bu səbəbdən də Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığın, xüsusilə enerji sahəsində, dərinləşməsi tamamilə anlaşılandır. Azərbaycan, eyni zamanda, İtaliya üzərindən digər Avropa ölkələrinə enerji daşıyıcılarının ixracı istiqamətində də müəyyən əlaqələr qurub. Ölkəmizdə böyük alternativ enerji ehtiyatlarının mövcudluğu Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını daha da artırır. Təbii ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı bu ölkələrlə əlaqələrin genişlənməsinə və ticarət münasibətlərinin inkişafına ciddi təsir göstərir. Eyni zamanda, bu proses geosiyasi baxımdan Azərbaycanın daha böyük imkanlara sahib olmasına şərait yaradır".

 

Həmçinin politoloq qeyd edib:

 

"İtaliya kimi böyük dövlətin şirkətləri ilə əməkdaşlıq və enerji sazişlərinin bağlanması Azərbaycanın həm iqtisadi gəlirlərinin artmasına, həm də beynəlxalq əməkdaşlıq imkanlarının daha sərbəst və əlverişli şəkildə formalaşmasına kömək edir. Bu münasibətlər və bu istiqamətdə qurulan ticarət əlaqələri ölkəmizin beynəlxalq nüfuzunun artmasına da müsbət təsir göstərir".

 

Qəmər Kazımzadə