Balaxanı neftçisi evə ikiqat dünya çempionu kimi döndü

Bölmə: İdman › ,
Tarix: 19:54 16.05.2025

"Əvvəla, Azərbaycanı, bütün vətənsevənlərimizi, şəxsən Səlahət Həsənovu bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Vətən üçün daş üstə daş qoyan hər kəsə sevgim və sayğım sonsuzdur".

 

Bu sözləri karate, kravmaqa üzrə dünya çempionu, taekvondo üzrə Azərbaycan çempionu Aydın Səfərov "İnformator.az"a açıqlamasında deyib.

 

O qeyd edib ki, ən adi yarışdan tutmuş böyük yarışlara qədər hamısı möhkəm iradə və əzmkarlıq tələb edir:

 

"Belə mötəbər yarışda ölkəmizi təmsil etmək özü bir uğurdur, qalib gəlmək isə ondan da mötəbərdir. İdmanda zədə, çətinlik, məğlubiyyət olur, ancaq bunlara rəğmən mübarizəni dayandırmadan davam etdirmək ciddi iradə tələb edir. Buna görə də Səlahət Həsənova uğur, şans, sağlamlıq, qələbə və müqəddəs bayrağımızı daim ucalatmağı, eyni zamanda himni səsləndirərkən keçirdiyi əvəzsiz hissləri həmişə yaşamağı arzu edirəm".

 

Müsahibimizin sözlərinə görə, əgər idman karyerasından danışırıqsa, hər uğur idmançını yeni mərhələyə aparır:


“İdmanda karyera sonsuzdur. Cənab Prezident İlham Əliyevin digər sahələrə diqqəti və qayğısı ilə yanaşı, idmana, gənclərə və gəncliyə olan xüsusi diqqəti nəticəsində Azərbaycan idmanı artıq öz yerini layiqincə qoruyub saxlamaqla yanaşı, dinamik inkişaf edir. Ona görə də ölkəmizdə idmanın bütün növləri inkişaf edir, o cümlədən karate idman növü məşhurdur. Karatenin bir çox növü var, hər biri dinamik inkişaf edir. Ölkədə düzgün idman siyasəti və belə idman uğurları sağlam nəsil, gəncin yetişməsində ciddi rol oynayır”.

 

Zəhra Möhübbətova