Putin tamamilə dəli olub - Tramp

Tarix: 21:26 26.05.2025
Putin tamamilə dəli olub! O, lazımsız yerə çox adam öldürür və mən təkcə əsgərləri demirəm.Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” səhifəsində yazıb.
“Mənim Putinlə yaxşı münasibətim var, amma ona nəsə olub. Ukraynanın şəhərlərinə heç bir səbəb olmadan raketlər və PUA-lar buraxılır. Mən həmişə demişəm ki, o, təkcə bir hissəsini deyil, bütün Ukraynanı almaq istəyir və ola bilsin bu, həqiqətdir. Amma bacararsa, bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”, - Tramp bildirib.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Ukrayna məsələsi Donald Tramp üçün o qədər də maraqlı deyil:
“Trampın özünün də qeyd etdiyi kimi, onun üçün daha vacib hesab etdiyi məsələlər mövcuddur. Digər tərəfdən, ABŞ Administrasiyası Ukrayna ilə faydalı qazıntılarla bağlı saziş imzalamaqla Ukrayna prosesində artıq öz maraqlarını təmin edib”.
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Rusiya isə Ukrayna ərazilərini işğal altında saxlamaqla və Kiyevi ərazi güzəştlərinə məcbur etməyə çalışmaqla öz strateji məqsədlərini həyata keçirmək istəyir:
“Eyni zamanda, Rusiyanın Ukrayna və Avropa İttifaqını təhdid faktoru kimi qalması Trampın maraqlarına cavab verir. Çünki Tramp, Avropa İttifaqına təzyiq göstərməklə onu ABŞ-nin təsiri altında saxlamağa çalışır.
Son zamanlar Avropa İttifaqı müstəqil siyasət yürütməyə, Çinlə münasibətləri inkişaf etdirməyə, hərbi sənayesini və müdafiə gücünü artırmağa çalışır ki, bu da ABŞ və Avropa İttifaqı arasında ziddiyyətləri daha da dərinləşdirir.
Tramp isə Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində siyasət yürüdür və çalışır ki, ABŞ-nin Çinlə apardığı ticarət müharibəsində Rusiya qarşı tərəfdə yer almasın. Trampın Rusiyanın Ukraynanın tamamını işğal edə biləcəyi ilə bağlı açıqlamaları da Trampın maraqlarına xidmət edir.
Belə ki, əgər Ukrayna faydalı qazıntılarla bağlı ABŞ-la saziş imzalayıbsa və Ukraynanın işğal olunmayan əraziləri faktiki olaraq ABŞ nəzarətindədirsə, o zaman bu ərazilərin Rusiyanın nəzarətinə keçmə perspektivi yoxdur. Bu səbəbdən də Ukraynanın tam işğalı real deyil.
Trampın məqsədi isə Rusiyanın maraqları təmin olunmaqla, Ukraynanı müəyyən ərazi güzəştlərinə getməyə məcbur etməkdir. Belə bir atmosfer yaradılır ki, sanki Rusiya Ukraynanın bütün ərazilərini işğal edə bilərdi, lakin Trampın müdaxiləsi ilə bunun qarşısı alınıb.
Bununla Tramp həm beynəlxalq aləmdə, həm də ABŞ daxilində ona qarşı formalaşa biləcək ictimai qınağın qarşısını almağa çalışır.
Ümumilikdə, proseslər göstərir ki, ABŞ artıq öz maraqlarını təmin edib. Rusiya isə qalıcı atəşkəsə nail olmaq, Ukraynanın silahlandırılmasını dayandırmaq və onu ərazi güzəştlərinə getməyə məcbur etmək kimi maksimalist mövqe sərgiləyir.
Bu yanaşma vəziyyəti daha da gərginləşdirir, lakin mövcud reallıqlar fonunda Ukraynanın müəyyən ərazilərdən imtina etməsi və Rusiyanın bu ərazilərdəki nəzarətinin de-fakto tanınması ehtimalı yüksəkdir”.
Mahmudlu Ləman