Unudulmaz ABA Telekanalı haqqında 10 maraqlı fakt-Video
Bölmə: MEDİA ›
,
Tarix: 13:01 08.02.2016
ABA telekanalı bir zamanlar bütün bakılıların ən sevimli kanallarından birinə çevrilmişdi. 1998-ci ildən 2001-ci ilə qədər fəaliyyət göstərən bu kanal fərqli, əyləncəli verilişlərlə Azərbaycan televiziya məkanına yepyeni bir ruh gətirmişdi. Uzun ömrü olmayan bu kanalı hələ də hər kəs xatırlayır. İnformator.az Pahoo.az-a istinadən sizə məşhur ABA telekanalı haqqında maraqlı faktları sizə təqdim edir:
1. ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər “RTR” telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu.

2. “ABA TV” Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir.

3. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu. EUTelSat-SESat peyki vasitəsilə yayımlanırdı. Ayrıca kanal texnologiyasına görə indiki televiziya kanallarından heç də geri qalmırdı. Azərbaycanda ilk dəfə rəqəmsal yayımlanan kanal da ABA idi.
4. 2000-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini canlı yayımlamışdı. Kanal 2001-ci ildə artıq gündə 3 saat deyil, 5 saat yayımlanmağa başlamışdı. Yaxın aylarda kanalın 24 saatlıq rejimə keçəcəyinə dair intro yayımlanırdı.
5. Ən çox tanınan “100%”, “Bir cənub şəhərində”, “Kontra” verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi.

6. Kanal hər gün axşam saatlarında xüsusi açılış anonsuyla başlayırdı. Həmin videonu sizə təqdim edirik.
7. ABA TV-nin ANS TV ilə soyuq münasibətləri var idi. ANS TV xəbərlərində və Mirşahin Ağayev “Ötən Həftə” verilişində tez-tez ABA TV-ni tənqid edirdi. 1999-cu ildə bəzi ekspertlər ANS-in efirinə çıxaraq ABA-nın vergi ödəməsində qanunları pozduğunu deyirdilər.
8. 21 aprel 1999-cu ildə Aqil Quliyev ABA TV-nin “News-Xəbərlər” verilişində kanal adından ANS TV-yə: -“ANS TV-yə bəyan edirik; yetər; yayımladığı böhtanlara və yalanlara son qoyulmalıdır; xalqı, düçar olduğu ANS-dən qorxu sindromundan azad etmək lazımdır; biz bəyan edirik ki, həmişə cavabsız qalan iddialarınız bu gün cavabsız qalmayacaq; burada “ABA Televiziya Şirkəti” var” deyə çıxış etmişdi.

9. 16 iyul 2001-ci il tarixində “Metcarting” əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilmişdi. Həmin mərasimdə may ayında ABŞ-a gedən Faiq Zülfüqarovun videomüraciəti yayımlanmışdı. Həmin videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlamışdı.
10. Dörd il fəaliyyət göstərən ABA TV Peyk TV, BMTİ və Sara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı oldu.