ABŞ qeyd olunan tarixdə İranı vuracaq-Herş

Bölmə: Siyasət › ,
Tarix: 18:21 20.06.2025

 

Amerikalı jurnalist Seymur Herş Vaşinqtondakı mənbələrə və İsrail insayderlərinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar bu həftə sonu İran ərazisinə kütləvi hava zərbələri endirməyə hazırlaşır.

 

Herşin sözlərinə görə, əməliyyat genişmiqyaslı bombardmanları əhatə edəcək.

 

O, mənblərə istinadən bildirib: “İranın ali dini lideri Ayətullah Əli Xamenei vəzifəsini tərk edərsə, hər şey nəzarət altında olacaq”.

 

Mövzu ilə əlaqədar politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ola bilər ki, Amerika müharibəyə qoşulmasın:

 

“Amerika və İran arasında münasibətlər hələlik o səviyyədədir ki, Amerikanın müharibəyə qoşulmasını şərtləndirmir. Onlar arasında danışıqlar davam edir və bu danışıqların nəticəsi elə ola bilər ki, ümumiyyətlə, Amerika müharibəyə qoşulmasın. Bu ssenarini istisna etmirəm. Amma digər tərəfdən İsrail və digər qüvvələr Amerikanın müharibəyə qoşulmasını istəyir. Amerikanın bu istiqamətdə hazırlıqları da var. Gəmiləri İranın yanındadır. Təyyarələr bölgəyə gətirilibdir və bir çox dinamiklər də Trampı İsrailə dəstək verməyə çağırır və İrana qarşı Amerikanın da İsrailin yanında olmasını istəyir. Əgər bu baş verərsə, təbii ki, İrana dəyən zərbələr daha sarsıdıcı olar. İran ola bilər ki, gücünü əhəmiyyətli dərəcədə itirər, hətta hakimiyyətini də itirə bilər. Ya da hakimiyyəti qoruyar, amma özünün hərbi və nüvə gücünü ciddi şəkildə itirər. Ola bilsin ki, bu hücumlardan sonra İranın cavab vermək imkanları olmaz və Amerikanın təklifləri ilə razılaşar. Amma böyük ehtimalla İranın indidən də qeyd etdik ki, imkanları ola bilər. Əksinə, o Amerikanın bölgədəki bir çox bazalarına zərbələr endirər və bir formada Amerikanın da nüfuzuna ciddi xələl gətirər. Amerikanın bölgədəki maraqlarına da, yəni İslam dünyası ilə bağlı, Körfəz ölkələri ilə bağlı maraqlarına, o cümlədən bölgədəki hərbi bazalarına da ciddi zərər vura bilər. Bu da Amerikada, yəni daxili müstəvidə Tramp üçün yeni başağrılar yarada bilər. Digər tərəfdən, Amerikanın qoşulması Çinin mütəffəqlərini Şərq blokunda hərəkətə gətirə bilər. Çinin, Rusiyanın da bir mənalı olaraq İranın yanda yer almasını şərtləndirər. Artıq onlar yavaş-yavaş bir formada səslərini çıxardırlar. Amma bu hücumlar onların daha sərt reaksiyalarını ortaya qoymasına əsas ola bilər. Nəhayət, İranın zəiflədilməsi, sıradan çıxması nə Rusiyanın, nə də Çinin işinə yaramır. Amma onlar ilk şoku geridə qoyduqları üçün bir formada, məncə, buna qarşı çıxacaqlar. Nəticədə, biz fərqli bir situasiya görə bilərik. Yəni münaqişəyə daha çox dövlətlərin, daha çox faktorların cəlb olunduğunu görə bilərik. Əlbəttə, Amerikanın prosesə qatılması və İranı bombalaması İranın əlində olan bütün resurslardan istifadəsinə və İsraillə yanaşı ABŞ-yə qarşı da cəbhə almasına gətirib çıxara bilər”.

 

Politoloq qeyd edib ki, müsəlman dünyasında da Amerikaya qarşı hərəkətlənmələr ola bilər:

 

“Bundan başqa mümkündür ki, müsəlman dünyasında Amerikaya qarşı hərəkətlənmələr olsun, dini liderin və ya fətfaların ola bilər. Bunun Amerikanın bölgədəki maraqlarına hansı risklər yaratmasını, yəqin ki, Tramp hesablayır. Əgər Xamenei gedərsə, Amerika hər şeyə nəzarət edə bilər və yaxud da hər şeyin nəzarətdə olacaq fikirləri də, məncə, çox məsuliyyətli bir yanaşmadır. Onu birmənalı demək o qədər də asan iş deyil. Xameneinin necə getməsindən çox şey asılıdır. İranda xaos da yarana bilər. Milli-etnik, dini-etnik zəmində münaqişələr və gərginliklər də yarana bilər. Hakimiyyət boşluğu başqa problemləri də yaradar. Hər halda, planlı şəkildə Xameneinin özünün qərar verərək getməsi və başqa formalarda- ona qarşı sui-qəsdin olması və s. də çox önəmlidir. Hər halda, bütün hallarda məsuliyyətlidir, bu bəyanatın arxasında dura da bilərlər, durmaya da bilərlər. Amma nəzər alsaq ki, Amerikanın Ortadoğuda girib-çıxdığı dövlətlərdə hələ də sabitlik yoxdur, istər Liviya, istər Suriya, istər İraq olsun, hələ də orada bir çox məsələlər öz yerini tapmayıb, daşlar yerinə oturmayıb. Bu münaqişə üzərindən İranda da hakimiyyət boşluğu yaranarsa, İran üçün də, bölgə üçün də ciddi sarsıntılar doğura bilər. Amma başqa ssenarilər də ola bilər. Konkret olaraq müəyyən siyasi qüvvələr o hakimiyyət boşluğunu qısa bir müddətdə doldurarlarsa, ölkədə xaos olmaya da bilər. Yeri gəlmişkən, mən İranda türk faktorunu da qeyd etmək istəyirəm. İranda gələcək sabitlik üçün ən mühüm siyasi faktor olaraq, bunu da düşünməyi, bunun da nəzərə alınmasını doğru sayıram. Ən azı Azərbaycan və Türkiyə üçün önəmli məsələdir”.

 

 

Lalə Qurbanlı