Qəzza hökuməti: İsrail bu gün 19 mülki evi dağıdıb

Tarix: 20:12 30.06.2025
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının şimalındakı Tuffah məhəlləsi, Cəbəliyə əl-Baled və ən-Nazla bölgələrində mülki əhalinin yaşadığı ən azı 19 evi birbaşa hədəfə alaraq tamamilə dağıdıb.
Qəzza Zolağındakı Media İdarəsinin baş direktoru İsmayıl əl-Savabite verdiyi açıqlamada bildirib ki, “İsrail bu bölgələrdə mülki evləri məqsədli şəkildə hədəfə alaraq açıq müharibə aparır. Bu, işğalçının növbəti cinayətidir. Artıq 21 aydır ki, İsrail xalqımıza qarşı ardıcıl şəkildə müharibə aparır”.
Əl-Savabite vurğulayıb ki, dağıdılan evlər səhər saatlarınadək əşyaları ilə birlikdə tamamilə məhv edilib: “İsrailin qəsdən sıx məskunlaşmış yaşayış məntəqələrini hədəfə alması beynəlxalq humanitar hüquqa və müharibə dövründə mülki şəxslərin müdafiəsini nəzərdə tutan bütün konvensiyalara ziddir”.
O əlavə edib ki, bu hücumlar “kütləvi qətl, terror, məcburi köçkünlük və soyqırım törətmək məqsədi daşıyır”.
TRT XƏBƏR
Mahmudlu Ləman