162 asteroid Yerə Ay məsafəsindən yaxın keçib

Bölmə: Dünya › ,
Tarix: 20:33 30.06.2025

 

ABŞ-nin Aerokosmik Agentliyi (NASA), Avropa Kosmik Agentliyi (ESA) kimi bir çox agentlik və qurum hər il Yerə yaxın və ya uzaq çox sayda asteroid kəşf edərkən, göy alimləri son bir il ərzində 162 asteroidin Yer ətrafından Ay məsafəsindən daha yaxın bir məsafədən keçdiyini müşahidə ediblər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2016-cı ilin dekabrında qəbul edilən qərara əsasən, asteroid toqquşması halında atılacaq addımlarla bağlı ictimaiyyəti maarifləndirmək məqsədilə hər il 30 iyun “Beynəlxalq Asteroid Günü” kimi qeyd olunur.

NASA-nın 2025-ci ilin iyun ayına dair məlumatlarına görə, Yerə yaxın asteroidlər kateqoriyasında indiyədək cəmi 38.478 asteroid aşkarlanıb. Bunlardan 873-ü 1 kilometrdən, 11.294-ü isə 141 metrdən böyükdür.

Bu məlumatlara əsasən, 2 iyun 2025 tarixinə olan göstəriciyə görə, son 365 gün ərzində 162 asteroid Yer ətrafından Ay məsafəsindən daha yaxın bir məsafədən keçib. Eyni dövrdə aparılan asteroid müşahidələrinin ümumi sayı isə təxminən 500 milyona çatıb.

NASA hər həftə 30 ilə 50 arasında yeni asteroid kəşf edir. Hazırda Yerə istiqamətlənmiş böyük bir asteroid olmasa da, NASA bu vəziyyətin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edir. Mütəxəssislər bildirirlər ki, təhlükə yarada biləcək asteroidlərin yalnız təxminən 40 faizi müəyyən edilə bilib.

TRT XƏBƏR
Lalə Qurbanlı